Beynəlxalq turnirdə Azərbaycanı 43 boksçu təmsil edəcək

1 Aprel 2026 16:17
144
Beynəlxalq turnirdə Azərbaycanı 43 boksçu təmsil edəcək

Azərbaycanı aprelin 2-də Bakıda keçiriləcək “Böyük İpək Yolu” beynəlxalq turnirində 43 boksçu təmsil edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək. Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah, saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapounciyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

İdman.Biz