Azərbaycanlı boksçu Emili Rzayeva (65 kq) Abu-Dabidə keçirilən beynəlxalq “Zayed Sports Tournament” turnirinin qızıl medalını qazanıb.
İdmançı Bakıya qayıtdıqdan sonra İdman.Biz-ə turnirin çətinlikləri və dəstəyin olmaması barədə danışıb.
Emili Rzayeva qeyd edib ki, bu ənənəvi turnir Ramazan ayına həsr olunmuş proqram çərçivəsində keçirilir.
“Mən doğma çəkim olan 60 kq-da iştirakçı olmadığı üçün qeyri-adi hesab etdiyim 65 kq çəki dərəcəsində çıxış etdim. Rəqabət özünəməxsus idi: yarımfinalda yerli idmançı Naztaran Fəthi mənə qarşı rinqə çıxmaqdan imtina etdi. Nəticədə birbaşa finala yüksəldim və orada braziliyalı Andrea Sediranı məğlub etdim. Mənim hisslərimə görə, rəqib hətta 65 kq limitindən də ağır idi.
Qadınlar arasında keçirilən turnirdə Azərbaycanı təmsil edən yeganə idmançı mən idim. Xüsusilə vurğulamaq istəyirəm ki, ora öz hesabıma getmişdim və federasiya tərəfindən heç bir dəstək almamışdım.
Yeri gəlmişkən, finaldan sonra burada yerli ulduz hesab olunan Naztaran Fəthiyə peşəkar səviyyədə altı raundlu döyüş keçirməyi təklif etdim. Lakin onun komandası yenidən imtina cavabı verdi”, – deyə Emili Rzayeva bildirib.
