Azərbaycanın iki boksçusu “Strandja”da yarımfinala yüksəlib - YENİLƏNİR

27 Fevral 2026 19:14
262
Azərbaycanın iki boksçusu “Strandja”da yarımfinala yüksəlib - YENİLƏNİR

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib.

İdman.Biz bildirir ki, Azərbaycan millisinin 2 idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. Boksçumuz böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.

Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 29:27) hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.

Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Strandja”da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək.

12:45

Bu gün Bolqarıstanın Sofiya şəhərində keçirilən “Strandja” beynəlxalq turnirində dörd boksçumuz 1/4 final mərhələsində rinqə çıxacaq.

İdman.Biz xəbər verir ki, ilk qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

Döyüşlərdə Azərbaycan boksçuları belə qarşılaşacaq:

Bilalhəbaşi Nəzərov (50 kq) – Rudolf Qarboyan (Ermənistan) – B rinqi

Zidan Hünbətov (55 kq) – Maksim Zimenko (Ukrayna) – A rinqi

Məhəmmədəli Aşırəliyev (60 kq) – Ayder Abduraimov (Ukrayna) – A rinqi

Malik Həsənov (65 kq) – Yertuqan Zeynulinov (Qazaxıstan) – B rinqi

Qeyd edək ki, boksda üçüncü yer uğrunda döyüşlər olmadığından yarımfinal mərhələsinə yüksələn boksçular bürünc medalı təmin edirlər.

11:27

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada "Strandja" beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib.

M. Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.

İdman.Biz