Milli Basketbol Assosiasiyasının (NBA) sabiq oyunçusu Delonte Uest yenidən evsiz kimi küçələrdə görünüb.
İdman.biz xəbər verir ki, keçmiş basketbolçu 2004-cü ildə NBA-da draftının birinci raundunda seçilmişdi və karyerası ərzində "Boston Seltiks", "Dallas Maveriks" və "Klivlend Kavalyers" komandalarında çıxış edib.
O, "Klivlend"də LeBron Ceymsin oyundaşı olub.
Uest 2015-ci ildə karyerasını bitirdikdən sonra bipolyar pozuntudan əziyyət çəkib və bir müddət evsiz olub. Bu ilin yanvar ayında o, Floridada bir reabilitasiya mərkəzində müalicə alırdı. "Dallas Maveriks"in sahibi Mark Küban onun müalicə xərclərini öz üzərinə götürmüş və ötən ilin yanvarında Uestin reabilitasiya prosesində irəliləyiş olduğunu bildirmişdi.
Karyerasını bitirdikdən sonra Uest bir neçə dəfə hətta cinayət xəbərlərində də yer alıb. 2022-ci ilin payızında ona qarşı dörd maddə üzrə ittiham irəli sürülmüşdü: avtomobilə qanunsuz daxil olmaq, avtomobili sındırmaq, hüquq-mühafizə orqanlarından qaçmağa cəhd və ictimai yerdə sərxoşluq.
İdman.biz