Tahir Baxşıyev: “Faktiki olaraq, bir legionerlə mübarizə aparmalı olduq”

16 Noyabr 2026 21:37
22
Tahir Baxşıyev: “Faktiki olaraq, bir legionerlə mübarizə aparmalı olduq”

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının yeddinci turunda “Naxçıvan”a 56:84 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis heyətdəki itkilərin komandanın çıxışına təsir etdiyini bildirib:

“Bilirdik ki, bu oyun bizim üçün çətin keçəcək. Çünki Qeylen Smit və Cey-Kuin Yuinq heyətdə yox idi. Faktiki olaraq, bir legionerlə və gənc oyunçularla mübarizə aparmalı olduq. Əlbəttə, hər oyunda basketbolçulardan daha çox əzmkarlıq və fədakarlıq gözləyirəm. İlk iki periodda komandada istədiyim enerjini görmədim. Üçüncü və dördüncü periodlarda isə vəziyyət nisbətən yaxşılaşdı. Ən vacib amil istəkdir. Meydanda mübarizə aparmaq əzmi hər zaman olmalıdır”.

Baş məşqçi çempionatda yaranacaq fasilə və zədəli oyunçuların vəziyyətinə də toxunub:

“İndi çempionatda fasilə yaranacaq. Ümid edirəm ki, zədəli basketbolçularımız ikinci dövrəyə qədər sıraya qayıdacaqlar və komandamız daha yaxşı çıxış edəcək”.

Baxşıyev gənc basketbolçuların inkişafından danışarkən komandanın oyun sistemindəki dəyişiklikləri qeyd edib:

“Gənc oyunçuların inkişafına gəlincə, əlbəttə, irəliləyiş var. Nəzərə almaq lazımdır ki, komandamızın oyun sistemi tamamilə dəyişib. Bu gün normalda beşinci nömrə mövqeyində oynamayan Hüseyn Qaflanovu həmin mövqedə oynatmağa məcbur oldum. Bu da işimizi çətinləşdirdi. Rəqibin hündürboy basketbolçularına qarşı mübarizə aparmaq asan deyildi”.

Mütəxəssis müdafiədə irəliləyiş olduğunu da vurğulayıb:

“Ümumilikdə, müdafiədə xeyli irəliləyiş əldə etmişik. Mövsümün əvvəlində vəziyyət çox pis idi. Açığı, daha böyük çətinliklərlə üzləşəcəyimizi düşünürdüm. Amma komanda tədricən inkişaf edir. İnanıram ki, zaman keçdikcə daha yaxşı oynayacağıq”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən görüşdə “Naxçıvan” NTD-ni 28 xal fərqi ilə məğlub edib.

İdman.Biz