"Xırdalan"nın basketbolçusu İsmayıl Məmmədov klubun mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, o, karyerasının ilk illəri, durğunluq dönəmi və yenidən parketə qayıdışı haqqında danışıb.
- İsmayıl, lap əvvəldən başlayaq. Basketbola gəlişiniz necə olub?
- Basketbola uşaq yaşlarında məşqçi Tofiq Həsənovun rəhbərliyi altında (o vaxtki "Spartak Bakı" klubunda – red.) başlamışam. Yeri gəlmişkən, Tofiq müəllim hələ də işinin başındadır və çox yaxşı uşaq məşqçisidir. Basketbola başlamağımın səbəbi əlbəttə ki, bu idmana sevgi və genetik olaraq uşaq yaşlarından boyumun həmyaşıdlarımla müqayisədə hündür olmasıdır.
- 1986 doğumlu olduğunu nəzərə alsaq, sənin yeniyetməlik və gənclik illərin 2000-ci illərin ilk periodunu əhatə edir. Bu dövrlər ölkəmizdə basketbolun populyar olduğu və hamının dillər əzbərinə çevrilən "Qala" komandasının çox yaxşı dönəmlərinə təsadüf edir. O vaxtı necə xatırlayırsan?
- Bəli, həmin dövr çempionatda maraqlı illər kimi yada qalıb. Xüsusən də "Qala", NTD, "Qərb Universiteti", "Aztop" kimi komandalarda kifayət qədər güclü basketbolçular var idi. Lakin "Qala" avrokuboklarda da oynadığı üçün heyəti daha güclü idi. Sonradan NTD də gücləndikcə çempionat daha maraqlı vəziyyətə gəlmişdi. Ölkəmizə gələn ən yaddaqalan əcnəbilərdən Litva millisində oynamış Darius Lukminası qeyd edə bilərəm. Onun kimi əcnəbilərlə bir çempionatda oynamaq həm həzz, həm də böyük təcrübə idi. Həmin illərdə yüksək liqada "Qərb Universiteti"nin heyətində çıxış edirdim. Lukminası qeyd etdimsə, bunu da vurğulamalıyam ki, mən məhz o dövrdə milli komandaya digər litvalı ulduz sima Rimas Kurtinaytesin dəvəti ilə seçilmişdim. Daha sonra Naxçıvan təmsilçisi "Araz"ın şərəfini qorudum və 2006-cı ildə ölkə çempionu tituluna sahib oldum. Söhbət açdığımız illər ərzində bir neçə dəfə mükafatçılar sırasına da düşməyi bacarmışam. Təbii ki, komandamla birgə (gülür).
- Çempionluq və o illərlə bağlı çox yaxşı xatirələrin var. Həmin vaxt hətta Türkiyə təmsilçilərinin birində oynamaq şansın olub…
- Bəli, 2005-ci ildə Türkiyənin ilk olaraq o vaxtki "Ülkər" klubuna baxışa getməli idim. Elə oldu ki, gec getdim və artıq onlar heyəti formalaşdırmışdılar. Lakin "Ülkər"in gənc komandasının məşqçisi "Fənərbağça"da seçimlərin davam etdiyini və mənim ora qatılmağımı məsləhət gördü. "Fənərbağça" klubunun aşağı yaş qrupları seçimlərinə qatıldım və bir neçə gəncin içindən komandaya seçildim. Mənə sənədləri toplayıb Türkiyəyə qayıtmaq üçün bir ay vaxt verdilər. Sevincimin həddi-hüdudu yox idi. Amma təəssüf ki, valideynlərimin icazəsi olmadığı üçün bir ay ərzində Türkiyəyə qayıda bilmədim, daha sonra isə artıq gec idi və bu şansdan məhrum oldum. Bu, əlbəttə ki, mənə çox mənfi təsir etdi. Artıq oynamaq istəmirdim. Ancaq bu oyuna olan sevgim basketboldan çox da uzaq qalmağıma imkan vermədi.
- Daha sonra ölkə basketbolunda olduğu kimi karyeranda durğunluq yarandı.
- Bəli, durğunluq ara-sıra olurdu və demək olar ki, maddi cəhətdən sıxıntı yaşamamaq üçün hərə bir iş tapıb işləyirdi. O dönəmdə basketboldan uzaqlaşanlar da oldu. Mən bir müddət fərqli sahədə çalışsam da, hər zaman basketbolun içində idim. Təmənnasız oynadığımı dövrlər də olub. Bu da sırf bu oyuna sevgidən irəli gəlirdi.
- 17 il sonra gələn növbəti çempionluq... 2006-cı il çempionluğu və üzərindən 17 il keçdikdən sonra gələn kubok.
- Əslində, qayıdış olaraq pandemiyadan sonrakı dövrü vurğulamaq istəyərdim. Ona qədər hər ölkə çempionatında əlimdən gəldiyi qədər iştirak etmişdim. Pandemiyada isə bizdən asılı olmayaraq basketbol yox, zallar bağlı idi. Sonra federasiya yeniləndi, basketbol bizə artıq daha yaxşı təşkilatçılıqla geri döndü və Superliqada oynamaq üçün formaya düşmək vacib idi. İlk növbədə artıq çəkilərdən qurtulmaq lazım idi. Çəkimi 138 kiloqramdan 105 kiloqrama sala bildim. Məşqlər bəhrəsini verdi və “Sabah” klubu ilə müqavilə bağladım. 36 yaşım olmasına baxmayaraq, bunu bacardım. Deyərdim ki, burada bizim dövrün basketbolçularına hələ də tələbat var.
- Tələbat varsa, niyə təcrübəndən az istifadə edilirdi?
- Bəli, “Sabah”da demək olar ki, oynamaq şansım olmurdu. Bu da təbiidir. Bəlli bir yaşa gəlmişəm, gənc oyunçular daha çox oynamalıdır. Lakin heç oynamamağı da məqsədəuyğun saymıram. Ən azından təcrübəmlə az da olsa, komandaya kömək etmək iqtidarındayam. Keçən mövsüm meydanda olduğum oyunlarda demək olar səhvsiz çıxış etmişdim. Amma o, artıq keçmişdə qalıb. Əsas komanda çempion oldu. Qalan məsələlərə məşqçi qərar verirdi və mən də qərarını müzakirə etmirdim.
- Bu mövsüm işlərin necə gedir?
- “Xırdalan”a bu il qoşulmuşam. Mövsüm mənim üçün uğursuz başladı. Elə ilk məşqlərdəcə dizimdən zədə aldım. Hələ də tam sağalmamışam. Ancaq məşqlərə qoşuluram və bəzi oyunlarda az da olsa oynamışam. Çox yaxşı oyunçu və məşqçi heyətimiz var. Kollektiv şəkildə çalışırıq ki, bu il məqsədimizə çataq və maksimum uğurlu olaq.
- Yaşın ikinci qayıdışdan sonra bu dəfə birdəfəlik karyeranın sona çatdığına işarə verir. Necə düşünürsən?
- Bəli, karyeramın son dövrləridir. Zədələr ciddi olmasa, bir neçə il oynayıb daha sonra bitirəcəm. Düşünürəm ki, heç vaxt əlaqəm kəsilməyəcək. Artıq bir neçə ildir oynamaqla paralel, həm də uşaqlara məşq keçirəm. 164 saylı məktəbin idman zalında, Vətən müharibəsi şəhidi Fərhad Babayevin adını daşıyan “F-Basket” adlı uşaq basketbol klubunda fəaliyyət göstərirəm.
- Uşaqlarla çalışırsan və bunun çox geniş mövzu olduğunu bilirik. Ona görə də qısaca olaraq basketbolun gələcəyini necə görürsən?
- Basketbolda bu gediş davam edərsə, gələcəyi yaxşı görürəm. Ümid edirəm ki, ölkə basketbolumuz bundan da yaxşı səviyyədə olacaq. Düzəlməli məqamlar çoxdur. Ancaq birini xüsusi vurğulamaq istəyirəm. Gənclərin özünü göstərib sübut edəcəyi, Superliqadan aşağı səviyyəli daha bir liqaya ehtiyac var. Eşitdiyimə görə, bu sahədə də işlər gedir. Ümid edirəm, hər nə olsa, basketbolumuzun xeyrinə olacaq.
İdman.biz