“Hər iki komanda finalda olmağa layiqdirlər”.
Bunu İdman.biz-ə “Neftçi” basketbol klubunun sabiq baş məşqçisi Anar Sarıyev deyib.
Gənc mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasını şərh edib. O bildirib ki, “Sabah”la “Neftçi” arasında gərgin mübarizə gedir: “Komandaların hər ikisi yaxşı çıxış edir. Fikrimcə, bugünki matçda "Sabah" qalib gələcək. Ancaq "Neftçi" qələbə qazansa, yeddinci oyunda çempionluğu əldən verməyəcək. Final seriyası çox maraqlı və rəngarəng keçir”.
Sarıyev hər iki komandanın heyətində yaxşı oyunçuların olduğunu vurğulayıb: “Sabah”da Hassani Qravettinin oyununu bəyənirəm. O, komandasının əsas silahlarındandır. “Neftçi”də isə bir neçə oyunçunun adını çəkmək olar. Polayt Edvard, Hendrix ve Brandon Suggsu qeyd edə bilərəm. Onlar çox yaxşı müdafiə olunurlar”.
Qeyd edək ki, bu gün “Neftçi” və “Sabah” arasında 6-cı oyun baş tutacaq. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma çempionun adına aydınlıq gətirə bilər. 3:2 hesabı ilə öncə olan “Sabah” seriyada 4-cü qələbəsini qazansa, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxacaq. “Neftçi” isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusundadır.
Aytac Sahəd
İdman.biz