"İlk oyundakı məğlubiyyətdən sonra işimiz çətinləşmişdi. Buna qədər də biz mərhələləri 3 oyundan sonra adlaya bilmişdik. Bu da öz növbəsində ardıcıl istirahətsiz oyunlar deməkdir".
İdman.biz xəbər verir ki, bunu "Abşeron" basketbol komandasının baş məşqçisi Erhan Toker "Neftçi" ilə oyundan sonra deyib.
O, Azərbaycan Basketbol Liqasının yarımfinal seriyasının ikinci matçında "Neftçi"yə 72:81 hesablı məğlubiyyəti şərh edib: "Bu gün imkanımız olsaydı bəzi basketbolçulara istirahət verərək oynadardım, amma elə bir şansımız yox idi. Rəqib isə bizdən daha gümrah idi. Onlar bizdən daha az oyun keçirmişdilər. Sadəcə müqayisə aparsaq, digər komandalarda mövsüm ərzində daha təcrübəli yerli oyunçular oynadı. Bizim gənclərimiz də gələcəyin dəyərli oyunçuları olacaq. Onlara və bütün komanda üzvlərimə çox böyük təşəkkür edirəm. Basketbolçularım heç bir məğlub olduğumuz oyunda mübarizəsiz təslim olmayıb. Elə "Neftçi" ilə matçlar da daxil olmaqla qazanmaq üçün hər şey etdik. Mövsüm ərzində fəlsəfəmiz də bu idi. Nəticədən asılı olmadan əlimizdən gələnin ən yaxşısını etmək".
Qeyd edək ki, "Abşeron" seriyanın hər iki oyununda "Neftçi"yə uduzub.
İdman.biz