Amil Həmzəyev: “Gəncədə azarkeşlər önündə bunun necə olacağını bilmirəm”

Müsahibə
2 Noyabr 2023 15:45
362
Amil Həmzəyev: “Gəncədə azarkeşlər önündə bunun necə olacağını bilmirəm”

“Gəncə”yə qarşı oyunumuz bir az rahat keçdi. Onlar ötən ilki kimi güclü deyillər”.

Bunu İdman.biz saytına “Xəzri” basketbol klubunun liderlərindən Amil Həzəyev deyib.

O, ABL-da “Gəncə”ni 93:76 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib. Gəncə basketbol məktəbinin yetirməsi olan Həmzəyev sabiq komandasına qarşı 1-ci dəfə mübarizə apardığını bildirib: “Fərqli hisslər idi. Həmin hissləri oyuna qatmaq düzgün deyil. Məncə, peşəkarlığı oyunda qoruya bildim. Oyun Bakıda olduğu üçün bunu tam bacardım. Gəncədə azarkeşlər önündə bunun necə olacağını bilmirəm. Bunu zaman göstərər”.

“Xəzri” ardıcıl 2 qələbə qazansa da, Amil hələlik çempionluq üçün oynayacaqlarını deməyin hələ tez olduğunu düşünür: “Fasilədə transferlər, “Sabah”ın Avropa kubokundakı çıxışından sonrakı bizim liqada iştirakı var. Bununla yanaşı, zədələrlə forsmajor hallar da yaşanacaq. Ancaq komandamızı ilk “üçlük”də görürəm”.

Qeyd edək ki, “Xəzri” ilk turda “Neftçi”ni məğlub edib.

Emin Ağa

İdman.biz