Oktyabrın 28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında 3x3 basketbol turnirinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 3x3 basketbol turnirində iştirak edən komandalar ictimaiyyətə təqdim olunub.
20 dövlət qurumundan, hər komandada 8 nəfər olmaqla, ümumi 180 nəfər qadın və kişilərin iştirakı ilə keçirilən turnirdə Gənclər və İdman Nazirliyi, Minatəmizləmə Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Hava Yolları, Energetika Nazirliyi, Elm və Təhsil Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, SOCAR, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Beynəlxalq Bank, Elm və Təhsil Nazirliyinin əməkdaşları iştirak edirlər.
Yarışın keçirilməsində məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.
Final oyunları və mükafatlandırma oktyabrın 29-da keçiriləcək.
Qeyd edək ki, bundan öncə dövlət qurumları arasında minifutbol və atıcılıq yarışları təşkil edilib. İlk dəfədir ki, 3x3 basketbol yarışları təşkil olunur. Qarşıda digər idman növlərində də belə yarışların təşkili nəzərdə tutulub.
Şəbnəm Rəhimova
İdman.biz