Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb

18 Sentyabr 2026 14:37
114
Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb

Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev əsas yeniliyin səkkiz komandanın iştirakı ilə vahid çempionatın keçirilməsi olduğunu vurğulayıb.

“Artıq A və B qrupları olmayacaq. Bu mövsümdən etibarən yarışın sonuncusu ABL-2-yə düşəcək. Aşağı liqada birinci yerin sahibi olan kollektiv isə yüksək dəstəyə vəsiqə qazanacaq”, - deyə o report.az-a söyləyib.

S.Əliyev çempionatın üç dövrədən ibarət olacağını sözlərinə əlavə edib:

“Bu da bir yenilikdir. Bu mövsüm dörd klubumuz avrokuboklarda mübarizə aparır. Bu da Azərbaycan basketbolu üçün ilkdir. ABL-2-nin nə vaxt başlayacağı hələlik bəlli deyil. Qadınlardan ibarət turnirin isə yanvarda start götürəcəyi gözlənilir”.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk qarşılaşmasında son ölkə çempionu “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la üz-üzə gələcək. Görüş sentyabrın 30-da, saat 19:30-da Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz