“Əsas hədəf iştirak etdiyimiz hər bir yarışda yüksək səviyyədə mübarizə aparmaq və “Neftçi”ni ən yaxşı şəkildə təmsil etməkdir”.
Bunu “Neftçi” basketbol komandasının ABŞ-li transferi Elayca Hokins AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Neftçi”yə keçidiniz nece reallaşdı? Komandaya qoşulmazdan əvvəl Azərbaycan və “Neftçi” haqqında məlumatınız var idi?
- Təklifi agentim vasitəsilə aldım. Klub və mənim üçün yaradılan imkanlar haqqında ətraflı məlumat öyrəndikdən sonra bunun karyeram üçün əla seçim olduğunu hiss etdim. Buraya gəlməzdən əvvəl Azərbaycan və “Neftçi” barədə az da olsa məlumatım var idi, lakin gəldikdən sonra daha çox şey öyrəndim. Verdiyim qərardan çox məmnunam və bu klubun bir hissəsi olduğum üçün həyəcanlıyam.
- Türkiyənin “Aliağa Petkimspor” klubunun təşkilatçılığı ilə İzmirdə keçirilən “Ege Cup 2026” mövsümöncəsi turnirində iştirak etdiniz. Bu yarış haqqında nə deyə bilərsiniz?
- Bizim üçün həqiqətən də çox faydalı mövsümöncəsi turnir oldu. Güclü komandalara qarşı mübarizə aparmaq və mövsüm başlamazdan əvvəl komanda olaraq hansı səviyyədə olduğumuzu görmək imkanı qazandıq. Şəxsən mənim üçün də komanda yoldaşlarıma öyrəşmək, meydaniçi anlaşmanı gücləndirmək və necə bir oyun nümayiş etdirmək istədiyimizi daha yaxşı anlamaq baxımından yaxşı bir şans idi.
- Klub rəhbərliyi bu mövsüm sizin və komandanın qarşısına hansı hədəfləri qoyub?
- Əsas hədəf iştirak etdiyimiz hər bir yarışda yüksək səviyyədə mübarizə aparmaq və “Neftçi”ni ən yaxşı şəkildə təmsil etməkdir. Mümkün qədər çox oyunda qələbə qazanmaq, çempionatda ön sıralar uğrunda yarışmaq və FIBA Avropa Kubokunda uğurlu mərhələlər adlamaq istəyirik. Şəxsi hədəfimə gəldikdə isə, komandada liderlərdən biri olmaq, komanda yoldaşlarımın oyununu daha da yaxşılaşdırmaq və komandama qələbələr qazanmaqda kömək etmək istəyirəm.
- FIBA Avropa Kubokunda Estoniyanın “Parnu” klubu ilə üz-üzə gələcəksiniz. Bu cütdə “Neftçi”nin şansını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, şansımız çox yüksəkdir. “Pərnu”ya hörmətlə yanaşırıq və onların yaxşı komanda olduğunu bilirik, lakin özümüzə də inamımız tamdır. Müdafiədə kollektiv şəkildə mübarizə aparsaq və oyun planımızı dəqiqliklə yerinə yetirsək, bu cütlüyün qalibi olacağımıza inanıram. Hər matça addım-addım yanaşacaq və yalnız qələbə üçün mübarizə aparacağıq.
- Bakını gəzmək imkanınız oldumu? Xüsusilə bəyəndiyiniz hər hansı bir yer varmı?
- Bəli, Bakını gəzmək üçün bir az vaxtım oldu və şəhər həqiqətən də çox xoşuma gəldi. Buranın atmosferini, memarlığını və xüsusən də dənizkənarı bulvar ərazisini çox bəyənirəm. Hələ də yeni yerlər kəşf etməyə davam edirəm, amma Bakı indiyədək məndə çox müsbət təəssürat yaradıb. Mövsüm ərzində şəhəri daha yaxından tanımaq üçün səbirsizlənirəm.
