“Sabah”ın kapitanı avrokubokda mərhələ adlamağın səbəbini açıqlayıb: “Sevgini qazanacam” - MÜSAHİBƏ

Xəbərlər
8 Oktyabr 2023 15:51
139
“Sabah”ın kapitanı avrokubokda mərhələ adlamağın səbəbini açıqlayıb: “Sevgini qazanacam” - MÜSAHİBƏ

“Sabah” basketbol klubunun kapitanı Endər Poladxanlının İdman.biz saytına müsahibəsi

- Azərbaycan klubu 18 ildən sonra FİBA Avropa Kubokunda qrup mərhələsinə yüksəldi. Yeni tarixə doğru addımlayan klubun bir parçası olmaq necə hissdir?

- Çox qürurverici bir hissdir. “Sabah”ın rəhbərliyinə təşəkkür edirəm, onlar mənim üçün bu şəraiti yaratdılar. Ümid edirəm ki, mən də onların ümidlərini doğrultdum.

- Çoxları sizin ilk cəhddə bunu bacarmayacağınızı düşünürdü. Bu uğuru əldə etməyin ən böyük sirri nə oldu?

- Skaut və menecer işlərimizin yaxşı aparılması. Komandaya çox doğru oyunçular gətirdilər. Basketbolçu seçmək asan iş deyil. Amma bizim skaut və menecerlərimiz bunu yaxşı bacardılar. Düzgün transferlər oldu. Yeni gələnlər də yaxşı komanda olmağı bacardılar. Bu da uğurda çox böyük rol oynadı. Hazırlıq prosesində çox əziyyət çəkdik və bəhrəsini də gördük.

- Ötən mövsüm “Sərhədçi” klubunda oynayırdın. “Sabah”a artıq tam alışa bilmisən?

- “Sabah”da məni çox yaxşı qarşıladılar. Hətta komandada kapitanlıq sarğısını mənə etibar etdilər. Bu çox məsuliyyətli bir işdir. Ümid edirəm ki, etimadı doğrulacağam. Bəlkə kapitan olmağıma komandanın bəzi fanatları fərqli yanaşır, amma bu il oyunumla onların sevgisini qazanacağıma inanıram. Komandada demək olar ki, hamı yenidir. Bu baxımdan da adaptasiyada bir çətinlik olmadı.

- Necə düşünürsən, FİBA Avropa Kubokuna yüksəlməkdə yerli oyunçuların rolu nə qədər oldu?

- Bu komandada hamının öz rolu var idi. Hamı bu uğura öz faydasını verdi. Bizdə heyətdə 15 oyunçu var, amma ora 12 basketbolçu yollandı. Kənarda qalan 3 nəfər də uğurda pay sahibidir. Məşqlərdə bizə çoxlu köməklik ediblər. Ona görə hər bir basketbolçunun bu uğurda rolu çox önəmlidir.

- Bundan sonra “Sabah” 2 cəbhədə mübarizə aparacaq. Bu, kollektivin zəifləyəcəyinə səbəb ola bilərmi?

- Qəti hansısa səbəb ola bilməz. Əksinə, daha da güclənməyimizə səbəb olacaq. Çünki daha çox oyuna çıxacağıq. Bəli, yorğunluq ola, mövsümün axırı bəlkə daha çətin keçə bilər. Məncə, bu bizim üçün daha yaxşıdır. Liqadakı rəqiblərimizdən daha çox oyun keçirəcəyik və daha yaxşı formada olacağıq. Amma hər şeyi zaman göstərəcək.

- FİBA Avropa kubokunda rəqibləri necə dəyərləndirirsiz? “Sabah”ın qrupdan çıxmaq şansları nə qədərdir?

- Çox güclü və təcrübəli klublardan ibarət bir qrupa düşdük. Maraqlı olacaq. Hələ ki, heç bir komandanı analiz etməmişik. Hazırda istirahətdəyik. Məşqlərə sabahdan başlayacağıq. İlk rəqibimiz olan “Mornar”a qarşı hazırlıqlara start verdikdən sonra rəqibləri analiz edəcəyik. Lakin şansımız var. Komandamız çox güclüdür. Oyundan-oyuna bir-birimizə uyğunlaşıb, öyrəşib daha yaxşı oyun nümayiş etdiririk. Qrupdan çıxmaq, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Emin Ağa

İdman.biz