“Gəncə” basketbol klubunun yeni ukraynalı transferi Vladislav Frolovun İdman.bizə müsahibəsi
- “Neftçi”dən “Gəncə”yə transfer olduz. Keçidi necə dəyərləndirərdiz?
- ”Neftçi” ilə müqaviləm başa çatdı. Mövsüm bitdikdən sonra əməkdaşlığın daha bir il davam etdirilməsi ilə bağlı heç bir müzakirə aparılmadı. Ona görə də menecerim yeni komanda axtarmaq məcburiyyətində qaldı. Bildirdi ki, “Gəncə” mənimlə maraqlanır. Komandanın yeni baş məşqçisi Halil Atlı birbaşa zəng edərək, perspektivləri və buradakı rolum barədə danışdı. Razılaşdıq və müqavilə imzaladıq.
- Qarşınıza hansı hədəflər qoyuldu?
- Təbii ki, öncə müntəzəm çempionatda inamlı çıxış. Ardınca isə növbəti mərhələlərdə bunun ardını gətirmək arzusundayıq. Ona görə də maksimum məhsuldar nəticə üçün əlimdən gələni edəcəm. Komandamın uğur qazanması üçün var gücümlə çalışacam.
- ”Gəncə” barədə düşüncələrin necədir?
- Komandanı, xüsusilə də baş məşqçinin basketbolla bağlı düşüncələrini çox bəyənirəm. Onun bizə yanaşma tərzi və məşq prosesi olduqca yüksək səviyyədədir. Meydanda nə etməli olduğumuzu daim bizə aşılayır. İndi mövsüm öncəsi hazırlıq gedir və artıq aydındır ki, uşaqlar nəticəyə köklənib. Üstəlik, komandada ab-hava ən yüksək səviyyədədir. Əsas odur ki, çox çalışmalı və məşqçinin tapşırıqlarını yerinə yetirməliyik.
- Bəs Gəncəni necə gəzə bilmisən?
- Hələlik dayanacağım iki yerdən ibarətdir, məşq otağı və ev. Bəli, keçən il “Neftçi” ilə bura gəlmişdik, lakin şəhəri gəzməmişdik. Düşünürəm ki, Gəncəni artıq daha yaxından tanımaq və onun gözəlliyini kəşf etmək üçün çox vaxtım olacaq. Şəhər mənə müəyyən mənada evimi - Krivoy Roqu xatırladır. Ona görə də burada özümü əla hiss edirəm.
Banuçiçək Hüseynli
İdman.biz