“İndidən ən yaxşı formada olsaydıq, bundan narahat olardım” – "Sabah"ın oyunçusu Tacuan Eycinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - VİDEO

28 Sentyabr 2026 13:48
84
“İndidən ən yaxşı formada olsaydıq, bundan narahat olardım” – "Sabah"ın oyunçusu Tacuan Eycinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Artıq gələn həftə Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürəcək. Çempionat ötən mövsümün əsas qarşıdurması – çempion "Sabah" ilə gümüş mükafatçı “Landau Lions”un oyunu ilə başlayacaq. Bir həftə sonra isə "Sabah"ı FIBA Çempionlar Liqasında ilk sınaq gözləyir. Bakı təmsilçisinə çox çətin, hətta bəlkə də ən güclü rəqib düşüb – turnirin son qalibi olan Litvanın "Rytas" klubu.

Bakı klubu mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışı keçib və heyətini xeyli gücləndirib. Komandanın ən önəmli transferlərindən biri ABŞ-li basketbolçu Tacuan Eycidir. 28 yaşlı oyunçu ötən mövsümü Fransanın "JL Burq" klubunda keçirib və komandanın heyətində Avropa Kubokunun qalibi olub.

O, İdman.Biz-ə müsahibəsində "Sabah"a keçidi, yerli basketbolçular haqqında ilk təəssüratları, komandanın mövsüm üçün hədəflərindən danışıb və klubun qarşıdakı rəqibləri barədə fikirlərini bölüşüb.

– “Sabah”a qoşulmaq qərarını niyə verdiniz?

– “Sabah”a qoşulmağımın əsas səbəbi yeni formalaşan və inkişaf edən bir layihənin parçası olmaq istəyim idi. Azərbaycana gəlməzdən əvvəl yerli çempionat haqqında çox məlumatım yox idi. Burada oynamış bir neçə dostum var idi və onlardan Azərbaycanın gözəl ölkə olduğunu eşitmişdim.

Burada keçirdiyim müddət artdıqca basketbola olan marağı və bu idman növünü inkişaf etdirmək istəyini daha aydın görürəm. Xüsusi bir şey qurmaq üçün zaman lazımdır. Amma burada bunun üçün böyük istəyin olduğunu görürəm.

– Komanda və baş məşqçi haqqında ilk təəssüratlarınız necə oldu?

– Düşünürəm ki, klub gənc, ambisiyalı və uğura ac məşqçilər heyətini formalaşdırmaqla düzgün istiqamətdə irəliləyir. Bu yanaşma oyunçulara da təsir edir. Təcrübəmə əsasən deyə bilərəm ki, əgər həqiqətən qalib gəlmək istəyirsənsə və bunun üçün lazım olan əməyi sərf etməyə hazırsansa, nəticə gec-tez gələcək. İnşallah.

– Bəs azərbaycanlı basketbolçuların səviyyəsini necə qiymətləndirirsiniz?

– Hələ liqadakı digər yerli oyunçuları kifayət qədər izləməmişəm ki, müqayisə aparım. Amma komandamızdakı azərbaycanlı basketbolçuları çox bəyənirəm.

Kamran Məmmədov mövsüm irəlilədikcə bizə çox kömək edə bilər. O, yaxşı atışlara malikdir və müdafiədə sərt, mübariz oyun sərgiləyir. Şirzadovun müdafiə bacarığını yüksək qiymətləndirirəm. Eyni zamanda, o, çox yaxşı atıcıdır. Komandamızın əsas dayaqlarından biri və kapitanı Endərdir. O, fiziki cəhətdən güclü basketbolçudur və meydanda komandanın qələbəsinə birbaşa təsir edən epizodlar yaradır.

Məni ən çox sevindirən məqam yerli basketbolçularımızın legionerlərlə nə qədər yaxşı uyğunlaşmasıdır. Düşünürəm ki, çox maraqlı komandamız var. İndi əsas məsələ bütün bu potensialı vahid sistemdə birləşdirməyi öyrənməkdir.

– Mövsümöncəsi hazırlıq necə keçir?

– Hər şey yaxşı gedir. Digər mövsümöncəsi hazırlıqlarda olduğu kimi, bizdə də proses hələ davam edir. Əgər indidən ən yaxşı formada olsaydıq, əslində bundan narahat olardım. Çünki bu, inkişaf etmək üçün artıq yerimizin qalmadığı anlamına gələrdi. Çox ciddi və əzmlə çalışırıq. İrəlilədiyimiz istiqamətdən razıyam.

– “Sabah”ın Azərbaycan Basketbol Liqasında və Çempionlar Liqasında məqsədləri nələrdir?

– Komanda olaraq məqsədimiz hər oyunda qalib gəlməkdir. Bunu sadəcə deməli olduğum üçün söyləmirəm. Həqiqətən inanıram ki, bunun üçün lazım olan bütün komponentlərə sahibik.

Nik Perkinslə birlikdə ön xəttdə Azərbaycan çempionatının ən yaxşı duetini təşkil etməli olduğumuzu düşünürəm. Rəqiblərin bizim fiziki gücümüzə və çoxşaxəli oyunumuza qarşı çətinlik çəkəcəyinə inanıram. Bundan başqa, təbii ki, Bleyks də var. O, artıq bu liqada oynamaq təcrübəsinə malikdir və komandaya liderlik edə bilər. Mayk Hertel, Minde və Çarlz Menninq kimi basketbolçularımız da var.

– Artıq “Ordu” ilə yoxlama oyunu keçirmisiniz. Rəqib haqqında nə deyə bilərsiniz?

– Onlar çox mübariz oyun nümayiş etdirirlər. Əvvəlki mövsümü yaxşı keçirən və qarşısına yeni hədəflər qoyulan komandalar adətən növbəti mərhələyə daha böyük istəklə başlayırlar. Mən də bunu onların oyununda gördüm.

– Mövsümdə ilk oyununuzu “Landau Lions”a qarşı keçirəcəksiniz. Bu rəqibə necə hazırlaşırsınız?

– Onların Çempionlar Liqasının təsnifat mərhələsindəki “Riqa”ya qarşı oyununun bir hissəsini izləmişəm. Onlar da meydanda tapşırıqları düzgün yerinə yetirən və çox mübariz oynayan komandadır. Düşünürəm ki, maraqlı oyun olacaq.

– Çempionlar Liqasında isə ilk oyunuz “Rytas”a qarşı olacaq. Bu oyunla bağlı gözləntiləriniz necədir?

– Meydana çıxacağıq və qarşımıza hansı rəqib çıxırsa-çıxsın, onunla sona qədər mübarizə aparacağıq. Qrupdakı bütün rəqiblərimiz yüksək səviyyəli komandalardır. Elə bizim kimi.

– Avropa turnirlərində qazandığınız təcrübənin “Sabah”ın Çempionlar Liqasında daha yaxşı çıxış etməsinə kömək edə biləcəyini düşünürsünüz? Və bu mövsüm üçün şəxsi hədəfləriniz nələrdir?

– Ümid edirəm ki, Avropa turnirlərindəki təcrübəm komandaya kömək edəcək. Yeni komandaya gəlib liderlik keyfiyyətlərindən istifadə etməyə çalışmaq bəzən asan olmur. Çünki bir tərəfdən komandaya yeni qoşulan oyunçu kimi kollektivə uyğunlaşmalı, digər tərəfdən isə əvvəlki təcrübələrindən əldə etdiyin məlumat və bilikləri komanda yoldaşlarınla bölüşməlisən. Burada düzgün balansı tapmaq vacibdir. Mən də bunun üçün əlimdən gələni edirəm. Düşünürəm ki, komanda yoldaşlarım da buna çox müsbət yanaşırlar. Ümumilikdə, hazırda mövsümün sonunda olacağımız səviyyədə deyilik və ilin bu dövrü üçün bu, tamamilə normaldır. Amma necə çalışdığımızdan və irəlilədiyimiz istiqamətdən çox razıyam.

Şəxsi məqsədlərimə gəlincə, onlar haqqında çox danışmağı sevmirəm. Çünki mənim üçün fərdi hədəflər əsas məsələ deyil.

İdman.Biz