Lebron Ceyms “Filadelfiya”ya keçidinin səbəbini açıqladı

28 Sentyabr 2026 00:28
90
Lebron Ceyms “Filadelfiya”ya keçidinin səbəbini açıqladı

NBA-nın əfsanəvi basketbolçularından Lebron Ceyms “Los-Anceles Leykers”dən ayrılaraq “Filadelfiya 76ers”ə keçməsinin əsas səbəblərindən birini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı basketbolçu “Mind the Game” podkastında Coel Embiidə karyerasında ilk NBA çempionluğunu qazanmaqda kömək etmək istədiyini söyləyib.

Ceyms Embiidin fərdi baxımdan demək olar ki, hər şeyi qazandığını, lakin NBA çempionluğunun hələ də onun kolleksiyasında olmadığını vurğulayıb.

“Onun MVP mükafatı, Olimpiya qızılı, “All-Star” seçimi, öz ayaqqabı modeli, böyük qazancı və gözəl ailəsi var. O, illərdir bu şəhərin yükünü daşıyır. Ümid edirəm ki, ona həmin maneəni aşmaqda kömək edəcək son parça ola bilərəm”, - deyə Ceyms bildirib.

Lebronun sözlərinə görə, “Filadelfiya 76ers”in heyətində Ceylen Braun və Tayriz Maksi kimi oyunçuların olması da qərarına təsir edib. O, xüsusilə Maksinin transfer prosesində fəal rol oynadığını qeyd edib.

Qeyd edək ki, Coel Embiid indiyədək NBA pley-offlarında Şərq Konfransının yarımfinal mərhələsini keçə bilməyib. “Filadelfiya 76ers” isə sonuncu dəfə 2001-ci ildə konfrans finalında çıxış edib.

İdman.Biz