Rimas Kurtinaytis: “Çempionlar Liqasında heç bir rəqibdən çəkinmirik”

Müsahibə
11 Sentyabr 2024 16:58
774
Rimas Kurtinaytis: “Çempionlar Liqasında heç bir rəqibdən çəkinmirik”

“Komandada əhval-ruhiyyə çox yaxşıdır. Litvadakı təlim-məşq toplanışında çox işlər gördük”.

Bunu İdman.bizə “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

64 yaşlı mütəxəssis Azərbaycan çempionunun Litvada keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib. O bildirib ki, məşqlər çərçivəsində oynadıqları yoldaşlıq matçları çox faydalı olub: “Komandadan razı qaldım. Yerli oyunçuların və eyni zamanda yeni transferlərimizin səylə çalışması məni çox sevindirdi. Litva çempionatında mübarizə aparan komandalarla keçirdiyimiz 5 oyundan 2-də qalib gəldik. Rəqiblərimiz arasında yüksək yerlərdə oynayan komandalar da vardı. Xüsusi ilə qeyd etmək istərdim ki, toplanış zamanı “Jalgiris” klubuyla oynamaq istəyimiz qarşı tərəfdən müsbət qarşılandı. Daimi olaraq Avroliqa turnirlərində çıxış edən Kaunas təmsilçisinin bizimlə görüşə razılıq verməsi səfərimizin ən diqqətçəkən məqamlarından biri idi. Onlar daha önəmli yarışa hazırlaşmalarına baxmayaraq, bizə vaxt ayırdılar. Mövsümə hazırlıq baxımından böyük əhəmiyyətə malik olan həmin görüşdə 62:94 hesabı ilə uduzduq. Lakin komandanın oyunundan razı qaldım. “Jalgiris” aqressiv oyun sərgiləyən klubdur. Eyni aqressivliyi mən “Sabah”da gördüm. Lakin səviyyə üstünlüyü öz sözünü dedi. Belə ki, onların sərt oyunu qaydalar çərçivəsini keçirdi. Bizim basketbolçularımız isə xüsusən müdafiədə follara yol verirdilər. Bu da yekun nəticədə özünü göstərdi. Amma son Litva çempionu “Ritas”a uduzsaq da (84:87), onlara layiqli müqavimət göstərdik”.

“Sabah” bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İlk olaraq İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək təmsilçimiz qalib gələrsə, növbəti raundda “Friburq Olimpik”lə (İsveçrə) qarşılaşacaq. Kurtinaytis turnirdə uğurlu çıxış edəcəklərinə inandığını deyib: “Çempionlar liqası öncəsi bizim üçün həqiqətən də faydalı olan hazırlıq keçdik. Turnirə tam ciddi hazırlaşırıq və heç bir rəqibdən də çəkinmirik. Sona qədər döyüşəcəyik”.

Qeyd edək ki, təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.

Emin Ağa
İdman.biz