“Hər məşqçi Azərbaycan Basketbol Liqasında çalışmaq istəyər. Çünki çempionat professionalların toplaşdığı bir yerdir”.
Bunu “İdman Bizdə” verlişinin qonağı olan qız basketbolçulardan ibarət Azərbaycan milli komandaların baş məşqçisi Evren Alkaya deyib.
Azərbaycan Basketbol Liqasında ötən mövsüm “Sərhədçi”nin baş məşqçisi olan türkiyəli mütəxəssis yeni ildə hansı klubda işləyəcəyi ilə bağlı hələlik qərar verməyib. O bildirib ki, son komandası görüşləri davam edir: “Amma təbii ki, federasiya haranı uyğun saysa, orda çalışacam. Ötən mövsüm komandada ikinci yarıdan işləməyə başladım. Konkret qərarlar verdim. Komandanı istədiyim kimi qurdum. Öz oyun fəlsəfəmizi ortaya qoyaraq pley-offda oynadıq, kubokda yarımfinala qədər irəllədik və yekunda “Sabah”a uduzduq. Məncə, “Sərhədçi” ötən mövsümü yenə də layiq olmadığı yerdə bitirdi”.
Alkaya yeni mösümdən çalışdıra biləcəyi digər klubun da adını açıqlayıb: “Xırdalan”ın həm qurucusu, həm də baş meneceriyəm. Əgər federasiya qərar versə, orda da işləyə bilərəm. Yaxın günlərdə hər şey bəlli olacaq”.
Qeyd edək ki, kişilərdən ibarət “Sərhədçi” Alkayanın rəhbərliyi altında son mövsümdə müntəzəm çempionatı 6-cı pillədə tamamlayıb.
Emin Ağa
İdman.biz