Anar Sarıyev: “Rəqibimiz seçmə mərhələdən imtina edib”

Xəbərlər
5 İyul 2024 19:37
105
Anar Sarıyev: “Rəqibimiz seçmə mərhələdən imtina edib”

İdman.biz xəbər verir ki, bunu basketbol üzrə 18 yaşlı oğlanlardan ibarət millimizin baş məşqçisi Anar Sarıyev deyib.

Gənc mütəxəssis komandanın təlim-məşq toplanışı və Avropa çempionatının seçmə mərhələsi haqqında fikirlərini bildirib: Təlim-məşq toplanışında məşqlərimizi tam heyətlə davam etdirə bilmirik. Millinin start beşlik üzvlərindən sayılan Murad Babayev hərbi xidmətdə olduğuna görə mütəmadi məşqlərdə iştirak edə bilmir. Düşünürəm ki, yaxın günlərdə o millinin düşərgəsinə qoşulacaq. Bundan əlavə bizim planımızda daha gənc basketbolçuları da komandamızın heyətində Albaniyada baş tutacaq Avropa çempionatına aparılmaq var. Onlar isə hazırda aşağı yaş qrup yığmalarının düşərgəsində məşq edirlər. Bakıdakı məşqlərimiz iyulun 15-nə kimi davam edəcək və ayın 17-də Türkiyəyə yola düşəcəyik. İstanbulda Qətər U-18 və Küveyt U-18 yığmaları ilə yoldaşlıq görüşlərimiz olacaq. Daha sonra isə iyulun 22-də Albaniyaya gedəcəyik. Avropa birinciliyindəki rəqiblərimzidən biri Malta seçmə yarışdan imtina edib. Nəticədə Moldova və Ermənistan komandaları ilə qarşılaşacağıq. İlk oyunda rəqiblərimizin üz-üzə gəlməsi bizə onların oyunlarını təhlil etmək üçün əla şans yaradır. Basketbolçularımızın Avropa çempionatında yaxşı çıxış edəcəyinə ümid edir, onlardan uğur gözləyirəm”.

İdman.biz