Amil Həmzəyev: “Məqsədimizə addım-addım irəliləyirik” - VİDEO

Xəbərlər
10 İyun 2024 22:28
506
Amil Həmzəyev: “Məqsədimizə addım-addım irəliləyirik” - VİDEO

“Bizim üçün uğurlu keçdi”.

İdman.biz xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Amil Həmzəyev Heydər Əliyev adına Beynəlxalq Aeroportunda keçirilən qarşılama mərasimində deyib.

O, Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində Avropa kubokunun finalına vəsiqə qazanmalarını şərh edib.
Həmzəyevin sözlərinə görə, yarışa hazırlaşıblar: “Heyətimiz güclü idi. Düzdür, əsas basketboldan sonra bu növə adaptasiya üçün vaxtımız az idi. Lakin qısa müddətdə oyunlara yaxşı şəkildə motivasiya olduq, keçirdiyimiz yoldaşlıq oyunlarının bizə faydası dəydi. Bütün bunların nəticəsində də qalibiyyət əldə edə bildik”.

Həmzyev təsnifat mərhələsində Ermənistan komandası ilə keçirdikləri matç barəsində də danışıb: “Biz bilirdik ki, Ermənistan favorit komanda deyil. Birinci dəfədir basketbolun 3x3 növündə şanslarını sınayırdılar. Heyətində gənc oyunçular var idi. Psixoloji cəhətdən bu oyuna tam hazır idik. Hətta heyətimizdə amerikalı oyunçumuz belə dövlətlər arasında olan durumdan xəbərdar idi. O belə məsuliyyəti dərk edib oyuna yanaşırdı. Xal fərqini başdan aça bildik buna görə də rahat oyun oldu”.

Təcrübəli basketbolçu Avstriyada keçiriləcək Avropa kubokunun final görüşü barədə də danışıb: “Biz sonuncu dəfə 2014-2022-ci illərdə Avropa kubokunun təsnifat mərhələsinə qatılmışdıq. Həmin illərdə qrup mərhələsini keçə bilməmişdik. İndi əsas məqsədimiz addım-addım irəlilədiyimiz kimi qələbə qazanaraq, bütün basketbol sevərləri sevindirməkdir”.

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz