Millimizin yeni məşqçisi əsas komanda ilə vidalaşacağı vaxtı açıqlayıb

Xəbərlər
10 İyun 2024 16:43
568
Millimizin yeni məşqçisi əsas komanda ilə vidalaşacağı vaxtı açıqlayıb

“Rumıniyada Avropa çempionatının B divizionunda yaxşı çıxış etməyə çalışacağıq”.

Bunu İdman.bizə gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni məşqçisi Zaur Paşayev deyib.

Yığmada ispaniyalı Alberto Blankonun köməkçisi işləyəcək idmançı etimadı doğrultmağa çalışacağını bildirib: “Məqsəd gələn ay keçiriləcək Avropa çempionatında uğurlu çıxış etməkdir. Neçə illərdir ölkəmizdə basketbol yox səviyyəsində idi. Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasına prezident seçildikdən sonra hər şey yaxşı gedir. Basketbolda yenidən canlanma yaranıb. Uşaqlar ürəklə məşq edirlər. Təlim-məşq toplanışlarında, yarışlarda çıxış edirlər. Düzdür, neçə ildir basketbolun vəziyyəti ürəkaçan olmadığı üçün komanda bir az zəifdir. Amma Rumıniyada uğurlu çıxış edəcəyimizə inanıram”.

Paşayevin sözlərinə görə, milliyə məşqçi təyin olunmaq onun basketbolçu karyerasına təsir etməyəcək: “Bu il noyabrda yığmada son oyunuma çıxacam. Artıq cavanlar gəlir. Onlara yol açmaq lazımdır. Amma çempionatda oynamağı düşünürəm. Yəqin ki, 2 ildən sonra basketbolçu karyeramı yekunlaşdıracağam”.

Qeyd edək ki, U-20 millimiz iyulun 12-dən 21-ə kimi Rumıniyada Avropa çempionatının B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiya ilə olacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: