"Bu mərhələyə zədəli basketbolçularla başladıq və bu gün də itkimiz oldu. Dina Ulyanovanın zədələnməsi vəziyyəti bir qədər də gərginləşdirdi".
İdman.biz xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç deyib.
O, millimizin Qəbələdəki turnirdə ilk gününü dəyərləndirib. Deliç bildirib ki, bu turnir Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşımır: "Bu turnir gələn həftə Priştinada keçiriləcək Avropa kubokuna hazırlıqdır. Ondan sonra bizi daha bir turnir gözləyir. Hazırlıq bunun ardınca başlayacaq. Təlim-məşq toplanışını Serbiyada Novı Sadda keçirəcəyik".
Deliç millinin zədəli oyunçularının vəziyyətindən də danışıb: "Aleksinin zədəsi ciddi deyil. Mən burda oynamağını istəmədim. Qarşıda təsnifat turnirlərində onun xidmətindən yararlanmağa çalışacağıq. Ulyanovanın zədəsi haqqında dəqiq heç nə deyə bilmərəm. Ümid edirəm ki, ayağı burxulub və bir neçə günə sağalacaq. Amma Dina digər oyunlarda iştirak etməyəcək. Biz hazırlığın birinci mərhələsindəyik. Çox ağır məşqlər keçmişik. Basketbolçularda bir qədər yorğunluq var. Amma Olimpiya Oyunlarına tam hazır olacağıq. Başqa bir komanda izləyəcəksiz".
Qeyd edək ki, yığmamız Qəbələdə qrup üçüncüsü kimi 1/4 finala yüksəlib.
Emin Ağa
İdman.biz