Bizim qızlar: Honkonqda tarix yazdılar, Parisə cığır açdılar

Xəbərlər
15 Aprel 2024 10:48
431
Bizim qızlar: Honkonqda tarix yazdılar, Parisə cığır açdılar

Basketbolun 3x3 növü üzrə Azərbaycanın qadınlardan ibarət millisi ölkə idmanı tarixinə yeni səhifə açıb.

İdman.biz xəbər verir ki, Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirinin qalibi olan yığmamız Paris-2024-də iştirak hüququ qazanıb.

Azərbaycan tarixində ilk dəfə komanda idman növündə Olimpiadada iştirak edəcək. Bu tarixi yazan qızlarımızı yaxından tanımağa dəyər. Azərbaycan adını dünyanın ən güclü 8 komandası sırasına yazan qəhrəmanların ikisi öz yetirməmiz, ikisi milliləşən oyunçudur.

“Neftçi”nin ayrılmaz parçası
Bakıda anadan olan Dina Ulyanova basketbol karyerasına da Azərbaycanda başlayıb. 34 yaşlı oyunçu Rusiyada legioner həyatı da yaşamağa imkan tapıb. Son 12 ildə isə indi də şərəfini qoruduğu “Neftçi”nin ayrılmaz parçasıdır.

Bizim Sandra
Mollenhauer soyadı Azərbaycan basketboluna tanışdır. Klublarımızda legioner kimi oynamış və sonradan məşqçilik etmiş Skott Mollenhauer ABŞ-dan Bakıya köçəndə 5 yaşlı qızı Aleksandra da ölkəmizə gəlib. İndi də burada yaşayan valideynləri balaca Aleksandranın azərbaycanlı məşqçilərin yetişdirməsini istəyib. İndi İspaniya “Estudiantes”ində legioner həyatı yaşayan 25 yaşlı Aleksandra Azərbaycan basketbolunun ən parlaq yetirmələrindən hesab olunur.

Amerikalılarımız
Dina və Aleksandradan fərqli, 37 yaşlı Tifani Hayes və 37 yaşlı Mersedes Uolker Azərbaycan basketbolunun yetirmələri deyil. ABŞ basketbolçuları 2015-ci ildə Avropa Oyunları ərəfəsində milliləşdiriliblər.

Titullardan bol ulduzlar
Ulyanova və Mollenhauer Azərbaycan millisində uğurlara da imza atıblar. Onlar iki dəfə İslam Həmrəyliyi Oyunlarının çempionluğunu yaşayıblar. Cütlük 2017-ci ildə Bakıda, 5 il sonra Konyada qızıla sahib çıxıb. Uolker paytaxtımızda, Hayes Türkiyədə çempion heyətdə yer alıb. Hər iki uğurda pay sahibi olan 38 yaşlı Tatyana Deniskina hazırda yığmanın ehtiyat oyunçusudur. Azərbaycanlı ilə ailə həyatı qurduqdan sonra 20 ilə yaxındır Bakıda yaşayan basketbolçu Parisə də ehtiyat oyunçu kimi yollana bilər.

Qeyd edək ki, yığmamız Honkonqda qrup mərhələsində Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Yarımfinalda Macarıstanı 21:19, finalda Polşanı 18:17 hesabı ilə yenən qızlarımız Paris-2024-ə bilet əldə ediblər.

İdman.biz

Məqalədə: