Tahir Baxşıyev kubokun üstünlüyündən danışıb

Xəbərlər
28 Fevral 2024 19:38
136
Tahir Baxşıyev kubokun üstünlüyündən danışıb

“12 oyunçunun hamısının xal toplaması məni də sevindirdi. Bu tez-tez baş vermir”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDIQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan kubokunun ilk matçında "Şəki"yə 103:63 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: "Matçdan əvvəl hardasa başa düşürdük ki, biz "Şəki"dən daha güclüyük. Ancaq heç bir qələbə asan qazanılmır. Oyuna rahat çıxa bilməzsən. Əks təqdirdə zədə almaq riski böyükdür. Bundan əlavə, basketbolçuları bu cür matçlara motivasıya etmək həmişə çətindir. Ancaq bu mövzuda uşaqlarla danışdıq. Bu gün gənc oyunçulara şans verdik. Məni sevindirdilər. Müdafiədə yaxşı oynadılar”.

Tahir Baxşıyev çempionatla kubok arasındakı fərq barədə danışıb. O, gənc oyunçulara üstünlük verdiklərini bildirib: “Kubok çempionatdan fərqlidir. Tamamilə fərqli yarışdır. Gənc yerli oyunçulara çempionat oyunlarında da şans verməyə çalışırıq. Amma kubokda limit fərqli olduğundan, yerli oyunçular daha çox şans qazanırlar. NTD-İNDIQO yerli oyunçularının 90%-i bizim yetirməmizdir. Biz həmişə gənc oyunçularla işləyirik. Heyətdə 16 və 17 yaşlı uşaqlar var. Və deməzdim ki, onlar təcrübəli basketbolçulardan zəifdirlər. İki cəbhədə oynayırıq. Əgər titul şansımız varsa, onu qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, NTD-İNDIQO Azərbaycan çempionatında liderlər qrupunda yer alıb.

İdman.biz