“Komandamızda vəziyyət bir qədər gərgindir. Bir neçə oyunçumuzun zədələnməyi işlərimizi çox çətinləşdirib”.
İdman.biz xəbər verir ki, bunu “Cəlilabad” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Azərbaycan Basketbol Liqasınn XIII turunda “Şəki” ilə qarşılaşacaq komandanın çalışdırıcı bəzi dəyəşiklər etdiklərini bildirib: "Nəticələrimizi yaxşılaşdırmaq üçün komandada bəzi dəyişikliklər etmişik. 21 nömrəli basketbolçu Rahim Conson kollektivimizə uyğunlaşa bilmədiyi üçün onunla vidalaşdıq. Qarşılıqlı anlaşdıq və onun əvəzində yeni oyunçu cəlb etmişik. Seneqal əsilli ABŞ vətəndaşı Çeyx Kebe bizə qoşuldu. Kebe son dəfə Bolqarıstan çempionatında çıxış edib. Onunla əlaqə saxlayıb, planlarımızı bölüşdük, o da dərhal komandamıza qoşulmağa razılıq verdi. Ondan gözləntilərimiz var. Artıq məşqlərdə də iştirak edib və onun bizə əlavə köməyi dəyəcəyini düşünürəm”.
Əsgərov komandanın heyətində zədəli oyunçulara toxunub. Baş məşqçi Kobi Tomas və Zaur Paşayevin vəziyyətinə aydınlıq gətirib: “Zədələr səbəbindən komandada vəziyyət çətinləşib. Kobi Tomasın zədəsi var, onun "Şəki"yə qarşı oynayıb-oynamayacağı bilinmir. Ən böyük itkimiz Zaur Paşayevlə bağlıdır. Onun zədəsi ciddidir. Belindəki ağrılar Zaura oynamağına imkan vermir. Əbdülmətin Quliyevin son oyunda aldığı zədə ciddidir. Zədələr üzündən istədiyimiz nəticələri əldə edə bilmirik. Hər bir halda, "Şəki"yə qarşı oyunda yalnız və yalnız qalib gəlmək üçün mübarizə aparacağıq. Doğma azarkeşlərimiz önündə qələbə qazanıb uğursuzluqlara son qoymaq istəyirik".
Qeyd edək ki, “Cəlilabad” – “Şəki” oyunu bu gün saat 14:00-da start götürəcək.
İdman.biz