Keçmiş basketbolçu Nyu-Yorkda keçirilən turnirdə öldürülüb

12 İyul 2026 10:37
92
Keçmiş basketbolçu Nyu-Yorkda keçirilən turnirdə öldürülüb

Keçmiş peşəkar basketbolçu Kaynu Roçford ABŞ-nin Nyu-York şəhərində keçirilən turnir zamanı güllələnərək öldürülüb.

İdman.Biz xəbər verir ki, hadisə cümə günü axşam saatlarında Harlem rayonunda təşkil olunan “Kingdome Basketball Tournament” zamanı baş verib. Atışma nəticəsində daha iki nəfər yaralanıb.

“Fairleigh Dickinson” Universitetinin komandasında çıxış etmiş, həmçinin Litva, Fransa, İsrail və digər ölkələrin klublarında oynamış Roçford yerli vaxtla saat 22:30 radələrində başından güllə yarası alıb. Həkimlər 35 yaşlı keçmiş basketbolçunun həyatını xilas edə bilməyiblər.

Nyu-York polisinin məlumatına görə, atışma Roçfordun iştirak etdiyi oyunlar arasındakı fasilə zamanı baş verib. Hadisəyə onun başqa bir kişi ilə mübahisəsi səbəb olub. Münaqişənin hansı səbəbdən yarandığı açıqlanmayıb.

Şahidlər əvvəlcə fişəng səsinə bənzər səslər eşitdiklərini, daha sonra insanların ərazidən qaçmağa başladığını bildiriblər.

Hadisə ilə bağlı araşdırma davam etdirilir. Şübhəli şəxsin saxlanılması barədə məlumat verilməyib.

İdman.Biz