Ratomir Deliç: “Heç bir rəqibdən çəkinmirik”
Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Kubokunda A qrupunda mübarizə aparacaq
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç Dünya Kuboku ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis 1-7 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək yarışda iştirakın komanda üçün böyük qürur və məsuliyyət olduğunu bildirib.
“Dünya Kuboku kimi yüksəksəviyyəli turnirdə iştirak etmək hər bir idmançı və məşqçi üçün uşaqlıqdan qurulan ən böyük arzudur. Ən güclü komandalara qarşı dünya çempionluğu uğrunda mübarizə aparmaq bizim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir”, - deyə Ratomir Deliç qeyd edib.
Baş məşqçinin sözlərinə görə, yığma meydanda olduğu hər 10 dəqiqə ərzində maksimum diqqətini, enerjisini və mübarizə əzmini ortaya qoymağa çalışacaq:
“Məqsədimiz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxmaq və ölkəmizi layiqincə təmsil edərək uğurlu nəticə qazanmaqdır. Turnirdə dünyanın ən güclü 3x3 basketbolçuları və yüksəksəviyyəli komandaları iştirak edəcək. Bununla belə, biz heç bir rəqibdən çəkinmirik. İnanıram ki, hazırkı fokusumuzu və oyun intizamımızı qorusaq, istənilən komandaya qarşı rəqabət aparacaq gücə sahibik”.
Ratomir Deliç yığmanın əsas məqsədinin meydanda öz oyununu göstərmək və potensialını maksimum səviyyədə ortaya qoymaq olduğunu vurğulayıb.
“Bunu bacarsaq, nəticədən asılı olmayaraq çıxışımızdan razı qala bilərik”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda Niderland, Polşa, Çexiya və Madaqaskar yığmaları ilə birlikdə A qrupunda yer alıb.
