“Komandamız oyunu qazandığı müddətcə öz oyunumdan razıyam”.
İdman.Biz-in məlumatına görə, bunu “Quba”nın basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə verdiyi müsahibədə söyləyib.
Həmin müsahibəni təqdim edirik:
- “Quba” fasilədən əvvəlki son turda "Lənkəran"ı məğlub etməyi bacarmışdı. Həmin görüşü yaxşı səviyyədə keçirmişdiniz...
- Bu, çox yaxşı komanda qələbəsi idi. “Lənkəran” komandası çətin bir il keçirdi, ona görə də qalib gəlməli olduğumuzu bildiyimiz bir oyun idi. Komandamızın oyunundan razıyam. Həqiqətən də, yaxşı kollektiv oyunu göstərərək qazandıq.
- Həmin oyunda 26 xal toplamışdınız. Performansınız sizi razı saldı?
- Komandamız oyunu qazandığı müddətcə öz oyunumdan razıyam. Qələbə oyunun ən vacib hissəsidir.
- “Quba" bu gün müntəzəm mövsümün son turunda "Naxçıvan"la üz-üzə gələcək. Bu matçda "Naxçıvan"ı məğlub edə biləcəksiniz? Yəqin ki, kubokda məğlub etdiyiniz rəqib sizdən revanş almaq istəyəcək...
- “Naxçıvan” çox güclü komandadır. Onlarla oynadığımız hər oyun çətin keçir. Bu dəfə də belə olacağını düşünürəm. Amma biz komanda olaraq birlikdə güclü oynasaq, inanıram ki, oyunu qazanacağıq.
“Quba" turnir cədvəlində beşinci yerdədir. Son turda bu vəziyyəti dəyişə biləcəksiniz? Heç olmasa üçüncü yeri tutun...
“Naxçıvan” üzərində qələbə qazansaq, bunu edə bilərik. İnanıram ki, bu matçda oyunda qalib gələcəyik.
"Quba"nın bu mövsüm ümumi performansı qənaətbəxşdir? Daha yaxşı çıxış edə bilərdiniz, yoxsa maksimum idi?
İnanıram ki, daha yaxşı çıxış edə bilərdik. Bu il komandamızın daha uğurlu çıxış etməsinə mane olan səbəblər baş verdi. Bəzi zədələrimiz oldu və bəzi oyunçularımız da getdi. Amma inanıram ki, komandamız hazırda ən yaxşı formasındadır. Biz pley-off görüşlərinə hazırıq!
ABL-in səviyyəsi haqqında nə düşünürsünüz? Hansı matçlar sizin üçün ən maraqlı idi?
Düşünürəm ki, ABL yaxşı səviyyədədir. “Sabah”a qarşı oynamaq fürsətindən zövq aldım. Onlar çox yaxşı komandadır və əvvəlki mövsümdə liqanı qazanan komandaya qarşı oynamaq həmişə maraqlıdır. Ümid edirəm ki, pley-offda onlarla yenidən oynaya biləcəyik.
