Türk məşqçidən Azərbaycan çempionatı ilə bağlı iddialı bəyanat: “İdarəçiləri buna inandırmalıyam” - MÜSAHİBƏ

Müsahibə
28 Dekabr 2023 14:23
221
Türk məşqçidən Azərbaycan çempionatı ilə bağlı iddialı bəyanat: “İdarəçiləri buna inandırmalıyam” - MÜSAHİBƏ

“Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmenin İdman.biz saytına müsahibəsi

- Azərbaycan Basketbol Liqasında dövrə başa çatdı. Geridə qalan 9 turu “Xəzri” üçün necə dəyərləndirirsiz?

- İlk dövrədə istədiyimiz performansı nümayiş etdirdiyimizi düşünmürəm. “Enişli-yoxuşlu” matçlar keçirdik və üçüncü sırada yer aldıq. Daha yaxşı ola bilərdi. İkinci dövrədə daha yaxşı oynayacağımızı düşünürəm.

- Bir çox məşqçilər hakimlərdən şikayətləndi. Siz də ədalət təmsilçilərindən razı deyilsiz. Bəzən onlara qarşı əsəbləşməyiniz nədən irəli gəlir?

- Hakimləri tənqid etdiyim məqamlar onların verdiyi qərarlarla bağlı deyil. Təbii ki, bu onların təhsili ilə bağlı məqamdır. Ən çox verdikləri qərarların çox vaxt matçın taleyinə ciddi təsir etməsini tənqid edirəm. Onlar qərar verdikdən sonra kənarda bir daha bunu yoxlamırlar. “Sabah”a qarşı matçda bununla bağlı ciddi şəkildə əsəbiləşdim. Çünki eyni hakim 3 fərqli matçda eyni qərar verdi. Bu artıq dəfələrlə təkrarlandığı üçün özümdən çıxdım. Videotəkrara baxmadan qərar vermək düzgün deyil. Təəssüf ki, çox vaxt bundan istifadə etmirlər. Ən böyük problemin təhsil və bir-biriləri arasında əlaqənin olmamasıdır. Heç bir şəkildə danışıb qərar vermirlər.

- Həmişə iddialı halda çempion olacağınızı bildirirsiz. Birinci dövrədəki çıxışınızdan sonra da bu fikirdəsiz?

- Bir komandanın və baş məşqçinin hədəfi olmasa, heç bir halda uğur qazana bilməz. Çünki hamı bu hədəf üçün çalışar. Mən də ilk gəldiyim gündən çempion olacağımızı söyləyirəm. Komandanı, idarəçiləri buna inandırmalıyam. İddialı bir bəyanatdır. Çempionluğa oynayan 2-3 komanda olduğu üçün bu sözü verdim. Nəyə qadir olduğumu da yaxşı bilirəm. Burda da bunu edəcəyimə inanıram. “Xəzri”yə gəldiyim zaman yerli oyunçularla bağlı seçimi mən etməmişəm. Daha çox legionerlərin transferinə yönləndim. Onu da etsəydim, daha iddialı olacaqdıq. Amma bu şəkildə bir neçə transferlə daha güclü olacağıq.

- Bəs çempionluq yolunda əsas rəqibləriniz kimlərdir?

- “Sabah”, NTD-İNDİQO və “Neftçi”. Biz də daxil olmaqla, 4 komandanın daha öndə olduğunu düşünürəm. Amma “Cəlilabad” xüsusi ilə evində çox təhlükəlidir. Son transferlər və “Neftçi” üzərində qələbədən sonra “Xırdalan” da güclü olduğunu göstərdi. “Gəncə” azarkeşləri qarşısında yaxşı oynayır və heç vaxt zəif hesab olunmamalıdır. Bu klubları pley-offa əsas namizədlər kimi görürəm.

- Azərbaycan kubokunda da birinciliyə köklənəcəksiz?

- Kubokda 3 yerli və 2 legioner limiti olduğu üçün hər bir klub bir-birini məğlub edə bilər. Qrupda ilk 2 sırada yer almaq lazımdır. Əsas mübarizəmiz “Xırdalan” və “Neftçi”yə qarşı olacaq. Təbii ki, Azərbaycan kubokunu da qazanmaq istəyirik.

- Yaranmış fasilədən yeni transfer gözlənilirmi?

- İllərdir oynatdığım bir sistemi var. Bunu burda da tətbiq etmək istəyirəm. Lakin zaman lazımdır. O səbəbdən də güclü və zəif tərəfləri düşünməkdən daha çox sistemimizi qurmalıyıq və azarkeşlərə də bunu aşımalıyıq. Bunu bacarsam, daha yaxşı oynayacağıq. 3 və 4 nömrəli oyunçu olaraq yerli basketbolçu ilə güclənsək, daha da yaxşı olacaq. Yerli basketbolçuların inkişafı üçün məşq problemi aradan qaldırılmalıdır.

- Yerli oyunçulardan danışdız. Azərbaycanlı basketbolçuların səviyyəsi sizi qane edir?

- Liqada oynayan azərbaycanlı basketbolçular çox dəyərlidir. Legioner həyatı yaşayanlardan, gənclərdən də təcrübəliləri var. Onlar da çalışırlar. Gələcəkdə daha yaxşı olacaqlar. Azərbaycan basketbolu inkişaf edir. Federasiya işlər görür. Klublara dəstək olur. Bunun ətrafında olanlar da önəmlidir. Zal problemi var. 1 komanda üçün gündə 2-3 saat məşq çox azdır. Bu şəkildə yaxşı basketbolçu yetişə bilməz. Şərait yaxşılaşmalıdır. Ən böyük çatışmazlıq kimi bunu görürəm. Azərbaycanlı basketbolçular özlərini inkişaf etdirmək üçün fərdi çalışmalarını artırmalıdırlar. Zal problemi olduğu üçün vaxtımız da az olur. Onlar fərdi məşq edə bilmirlər.

Emin Ağa
İdman.biz

Məqalədə: