Azərbaycandan 3x3 qadın basketbol millisi FIBA Çempionlar Kubokunda iştirakına iki həftədən az vaxt qalır. Turnir martın 13-15-də Banqkokda keçiriləcək. Qalib komandaya Los-Anceles-2028 Olimpiadasının seçmə turnirində iştirak hüququ veriləcək.
Asiya səfəri ərəfəsində komandanın hədəfi barədə İdman.Biz-ə təcrübəli oyunçularından biri Dina Ulyanova açıqlama verib.
Paris Olimpiadasının iştirakçısı D. Ulyanova bildirib ki, Çempionlar Kuboku Los-Anceles-2028-ə seçmə başlamazdan əvvəl komandaya lisenziya qazanmaq imkanı verir: “Bizim üçün ilin ilk startıdır və mövsümə Olimpiya seçmə yarışına vəsiqə qazanmaqla başlamağın unikal şansıdır. Təbii ki, Dünya Kuboku iştirakçıların heyətini nəzərə alsaq kifayət qədər çətin turnirdir. Amma bütün komandalar bərabər şərtlərdədir. Düşünürəm ki, komandamız keçən mövsümün uğuru ilə ruhlanmalı və dərhal meydançaya liderlik hissi ilə çıxmalıdır. Hər şey bizim əlimizdədir və ən önəmlisi, qəlbimizdədir".
Xatırladaq ki, keçən il komanda Avropa çempionatında gümüş medal qazanaraq və Dünya seriyasının final turnirində ikinci yeri tutaraq tarixi uğura imza atmış, həmçinin İslam Həmrəyliyi Oyunlarında üçüncü dəfə ardıcıl qalib gəlmişdi. Hazırda millimiz Olimpiya lisenziyasını qazanmaq uğrunda yenidən əzmkar mübarizə aparmaq niyyətindədir.
“Bizim əsas məqsədimiz hazırda 2028-ci il Yay Olimpiadasıdır. Təbii ki, iştirak edəcəyimiz hər turnir çox önəmli olacaq. Buna görə prioritetimiz medallar uğrunda mübarizə və hər oyunda qələbə qazanmaqdır”, - deyə Ulyanova bildirib.
O, həmçinin komandanın birgə oyunu və qarşılıqlı anlaşmasının inkişaf etdirilməsinin vacibliyini qeyd edib:
“Düşünürəm ki, uzunmüddətli uğur strategiyasından danışsaq, əsas diqqət qarşılıqlı anlaşma və oynama ahənginə olmalıdır. Bu vasitəsilə nəticə əldə etmək lazımdır. Bu il Azərbaycan yenidən Dünya seriyasının üç mərhələsinə ev sahibliyi edəcək. Biz artıq belə reytinq turnirlərini öz meydançamızda keçirməyə öyrəşmişik. Bu, yenidən evdə oynamaq, tribunaların dəstəyini hiss etmək və gənclərə gözəl basketbol göstərmək üçün əla fürsətdir”.
Qeyd edək ki, FIBA Dünya Kubokunun qrup mərhələsində Azərbaycan millisi Kanada, İspaniya və Tayland komandaları ilə qarşılaşacaq. Dördlükdəki iki ən yaxşı komanda yarımfinala yüksələcək.
