Türkiyəli tanınmış basketbolçu: “Sabah”ı avrokuboklardakı çıxışından tanıyıram”

17 Fevral 2026 11:29
99
Türkiyəli tanınmış basketbolçu: “Sabah”ı avrokuboklardakı çıxışından tanıyıram”

“Düzünü desəm, Azərbaycan basketbolu barədə elə də çox informasiyaya sahib deyiləm. Amma bəzi oyunçuları tanıyıram”.

Bu sözləri Türkiyə millisinin sabiq basketbolçusu Oğuz Savaş deyib.

38 yaşlı veteran oyunçu yığmanın heyətində 3 basketbolçunu fərqləndirib.

“Orxan Aydın Hacıyev, həmçinin Zak LeDay və Donta Hall kimi basketbolçuları izləmək imkanım olub. Bir də liqanızda “Sabah” komandası var. Avrokuboklardakı çıxışı ilə yadımda qalıb”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

O.Savaş bu mövsüm Avroliqada favorit hesab etdiyi komandanın adını da çəkib:

“Mənə görə, bu, keçmiş komandam “Fənərbağça”dır (gülür). Heyəti çox balanslıdır, həm təcrübəli, həm də enerjili oyunçular var. “Olimpiakos” və “Panatinaikos” kimi kollektivlər də iddialıdırlar”.

Qeyd edək ki, Oğuz Savaş Türkiyə millisinin heyətində 293 oyunda meydana çıxıb. O, 2010-cu ildə təşkil edilən dünya çempionatında gümüş medal qazanıb.

İdman.Biz