Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Sabah”a qarşı keçirilən oyundan sonra “Şəki”nin baş məşqçisi Bedri Meriç qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Sabah”ın güclü rəqib olduğunu və komandalar arasında səviyyə fərqinin açıq şəkildə hiss edildiyini bildirib.
Onun sözlərinə görə, “Şəki” oyundan tez qopub və planlaşdırılan tapşırıqları yerinə yetirə bilməyib:
“Sabah” bizim üçün çətin rəqibdir, təəssüf ki, eyni səviyyədə deyilik. Biz oyundan çox asan qopduq. Əslində “Sabah”a qarşı bəzi planlarımız vardı, ancaq heç birini edə bilmədik. Oyundan qopduqdan sonra da toparlanmağı bacarmadıq”.
Bedri Meriç növbəti turun əhəmiyyətini də vurğulayıb. O bildirib ki, komanda bütün diqqətini NTD ilə qarşıdakı oyuna yönəldib:
“Növbəti tur NTD ilə matça çox yaxşı hazırlaşıb, qalib gəlmək istəyirik”.
Baş məşqçi heyətlə bağlı yeniliklərə də toxunub. Onun sözlərinə görə, yeni transfer NTD ilə matçda komandaya kömək edə biləcək:
“Yeni transferimiz NTD ilə matça yetişəcək. O, ötən mövsümdən bizim oyun sistemimizi bildiyi üçün az məşq etsə belə, oynaya biləcək”.
Meriç əlavə edib ki, klub heyətə daha bir uzun basketbolçu cəlb etməyi planlaşdırır. Lakin həmin transferin NTD ilə oyuna qədər başa çatdırılması mümkün görünmür.
Beləliklə, “Şəki” komandası ağır məğlubiyyətdən sonra diqqətini növbəti turda vacib hesab edilən NTD qarşılaşmasına yönəldib.
