Debütantın baş məşqçisi: “Sabah”la görüşdə daha sərt olmalıyıq”

Müsahibə
20 Dekabr 2023 11:42
139
Debütantın baş məşqçisi: “Sabah”la görüşdə daha sərt olmalıyıq”

“Çempionatın iki güclü komandasının qarşılaşacağı oyun çox önəmlidir”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmən deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının IX turunda “Sabah”la oyunu dəyərləndirib. Debütanın çalışdırıcısı bildirib ki, son çempionla görüşdə qələbə klubun prestiji baxımından çox önəmlidir: “Sabah" bu mövsüm avrokuboklarda çıxış etdi. Çox yaxşı komanda qurublar, yaxşı yerli və legioner oyunçuları var. Bizim ilk ilimiz olsa da, tez bir zamanda toparlandıq. Yerli və xarici oyunçularımızın səviyyəsi yaxşıdır. Amma mənim üçün daha önəmlisi mövsüm sonunda çempion olaraq komandamı avrokuboklara aparmaqdır. Əsas hədəfim budur. Çox maraqlı görüş olacaq. Hər iki tərəf də bu matça mütləq ki, yaxşı hazırlaşır. Sərt qarşılaşma olacağını düşünürəm. Rəqibimizə hörmətlə yanaşıram”.

Dikmənin sözlərinə görə, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər: “Əvvəlki oyunlardan fərqli, "Sabah"la görüşdə daha sərt olmalıyıq. Bəzi oyunlara yaxşı başlamayıb, sonradan toparlanırdıq. Amma bu matçda elə olmamalıdır. Ona görə də, ilk dəqiqələrdən eyni konsentrasiya və eyni motivasiya ilə oynamalıyıq. Bu matçda kiçik detallar həlledici olacaq. Yəni az səhv edən qalib gələcək. "Sabah"la oyunun önəminin fərqindəyik. Qalib gələrək ilk dövrəni bitirib, tətilə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. Bunu da edəcək gücdəyik. Birlikdə bunu bacaracağımıza inanıram”.

Qeyd edək ki, “Xəzri” – “Sabah” matçı bu gün saat 19:30-da start götürəcək.

İdman.biz

Məqalədə: