“Sumqayıt”ın legioneri: “Amerikada Azərbaycan çempionatındakı çıxışlarımı izləyirlər” - MÜSAHİBƏ

Müsahibə
19 Dekabr 2023 11:37
108
“Sumqayıt”ın legioneri: “Amerikada Azərbaycan çempionatındakı çıxışlarımı izləyirlər” - MÜSAHİBƏ

“Sumqayıt”ın basketbolçusu Cey Mürrel klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, amerikalı “Sumqayıt”ın hazırki durumundan, Azərbaycandan və gələcək karyerasından danışıb.

- Necə oldu ki, basketbol ilə məşğul olmağa başladız?

- 1997-ci ildə Kaliforniyanın Lonq Biç şəhərində doğulmuşam. Məni bu oyuna atam gətirib. Hərçənd, o özü amerika futbolu oynayırdı. Sadəcə, izah etdi ki, məşğul olduğu idman növü ilə müqayisədə basketbolda bacarıq daha çox ön plana çıxır. Amerika futbolunda isə fiziki hazırlıq əsas şərtdir.

- Azərbaycana gəlməmişdən əvvəl hansı klublarda oynamısız?

- Azərbaycana gələnə qədər ancaq universitet komandalarında çıxış etmişəm. Əvvəlcə, Kanzas “Nyuşou”sunda, daha sonra Kentakki universitetində çıxış etmişəm.

- O zaman Azərbaycan sizin peşəkar karyeranızda ilk addımlardır, deyə bilərik?

- Bəli, Azərbaycan çempionatı peşəkarlıq həyatına qədəm qoyduğum ilk çempionatdır. Buna böyük dəyər verirəm. Ümumiyyətlə, Bakı şəhərini və “Sumqayıt” komandasını çox sevirəm. Burada hər şeydən razıyam. Mənə çox yaxşı münasibət bəsləyirlər. Azərbaycan çempionatının səviyyəsi də yüksəkdir. Komandadaxili atmosferə isə söz ola bilməz. Belə baxanda, özüm də şən adamam. Meydanda istiqanlı və şən olmağım komandanın çıxışına müsbət təsir göstərir. Belə xarakterlə özüm də inkişaf edirəm.

- Azərbaycan barədə başqa hansı təəssüratlarınız var?

- Həyat tempinə görə Bakı daha hərəkətlidir. Burada həyat qaynayır. Məsələn, bunu səfərdə olduğumuz bölgələrdə görmədim. Amma Bakıdan kənarda təbiət çox gözəldir. Bu gözəlliyə vurulmaya bilmirsən. Bununla yanaşı, dənizi də çox sevirəm. Bu mənada Bakıda yaşayıb dənizdən həzz almaya bilmirsən. Komanda yoldaşlarım məni şəhərlə tanış edib. Şəhərin görməli yerlərini görmüşəm.

- “Sumqayıt”ın cari mövsümdə çıxışını necə dəyərləndirirsiz?

- 8 tura 6 dəfə məğlub olmağımız heç də yaxşı nəticə deyil. Bundan da yaxşı oynaya bilərdik. Bəzi oyunlarda sadəcə qələbələri əldən vermişik. Buna baxmayaraq, pley-offa yüksəlmək şansımız yüksəkdir. Orada oynayacağımıza şübhə etmirik. Sadəcə, neçənci yerdən pley-offa gedəcəyimizi bilmirik. İstəyimizə çatmaq üçün daha aqressiv oynamalıyıq. Əsas problemimiz odur ki, oyuna çox yüksək templə başlayırıq, amma sonradan bu aşağı düşür. Məğlubiyyətlərimizin də əsas səbəbi budur.

- Gələcək hədəflərin nələrdir?

- Vətənimdən uzaq düşsəm də, yaxınlarımın və dostlarımın dəstəyini hiss edirəm. Amerikada məni tanıyanlar Azərbaycan çempionatındakı çıxışlarımı izləyir və statistikalarımla maraqlanır. Gələcək karyerama gəlincə, özümü ən yüksək liqalarda görürəm və hər cür sınağa da hazıram. Hər bir basketbolçu kimi mən də NBA-da oynamaq istəyirəm. Belə bir imkan əldə etsəm, onu qaçırmayacağam.

İdman.biz

Məqalədə: