“Azərbaycan basketbolçularının ABŞ-də təhsil alıb, orada çıxış etmələri faydalı olacaq”.
Bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz deyib.
Mütəxəssis yeni mövsümdən etibarən Azərbaycanın 6 qadın basketbolçusunun təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirmələri barədə danışıb.
“ABŞ universitetləri və kollecləri hazırda basketbola ciddi sərmayələr yatırırlar. Deyə bilərəm ki, son dövrlərdə qadın basketbolçularımızın çıxışı və Avropa çempionatının B Divizionunda əldə etdikləri qələbələr həmin universitet və kolleclərin diqqətini çəkib. Aparılan danışıqlar nəticəsində 2010 və daha böyük təvəllüdlü 6 xanım basketbolçu Amerikada təhsil almaqla yanaşı, orada basketbol karyerasını davam etdirəcək. Hazırda 1 qadın basketbolçumuz Amerikada kollecdə təhsil alır. İndi yollanan oyunçularla bu say 7-yə çatacaq. Əslində başqa ölkələrdən də təkliflər olmuşdu. Deyə bilərəm ki, basketbolçumuza İspaniyadan təklif var idi. Lakin biz ABŞ-ni daha məqsədəuyğun hesab etdik”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
O, bu ildən Azərbaycanda qadınlar arasında basketbol liqasının keçirilməsini planlaşdırdıqlarını söyləyib:
“Bildiyiniz kimi, bizdə rəsmi olaraq qadınlar arasında basketbol çempionatı yoxdur. Bu ildən keçirməyi düşünürük. Hələlik komandalar tam rəsmiləşməyib. Bu barədə nəsə danışmaq tezdir. Lakin basketbolçularımızın ABŞ-də təhsil alması və orada çıxış etməsi Azərbaycan basketboluna mühüm fayda verəcək”.
Qeyd edək ki, Səlminaz Ramazanlı Luiziana Xristian Universitetində, Ela Nur Gökçöl Georgian Court Universitetində, Aylin Əkbərzadə John Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida Akademiyasında, Aylin Niftəliyeva Springfield Commonwealth Akademiyasında, Deniz Gökçöl isə Central Pointe Xristian Akademiyasında təhsil alacaqlar.
