Uğur Özdəmir: “Komandam “Neftçi"yə qarşı mükəmməl oyun sərgilədi”

Xəbərlər
16 Dekabr 2023 09:16
198
Uğur Özdəmir: “Komandam “Neftçi"yə qarşı mükəmməl oyun sərgilədi”

"Rəqibimizin çox önəmli 2 basketbolçusu - Kamran Məmmədov və Maykl Karterin olmaması oyunlarına təsir etdi".

İdman.biz xəbər verir ki, bunu "Xırdalan"nın baş məşqçisi Uğur Özdəmir deyib.

Azərbaycan Basketbol Liqasının VIII turunda "Neftçi"ni 102:80 hesabı ilə məğlub edən mütəxəssis bildirib ki, matça yaxşı hazırlaşmaları qələbələrində mühüm rol oynayıb: "Bu matçı qazanmaq istəyirdik. "Neftçi"nin yerli basketbolçuları 3 xallıq atışlarla komandaya çox kömək oldular. Bizdə də legionerlərə bağlı eyni sözləri deyə bilərəm. Bu bizim üçün çox önəmli idi. Bunun sayəsində 2-ci və 4-cü periodlarda ciddi fərq yarada bildik. Ümumiyyətlə çox templi oyun sərgilədik".

Türkiyəli mütəxəssisin sözlərinə görə, son transferlər sayəsində heyətlərinin genişlənməsi komandanın gücünü artırıb: "Bençdən 49 xallıq dəstək aldıq ki, bu da çox önəmli məqam idi. Buna qədər ehtiyat skamyada dəyişiklik edə biləcəyim oyunçu tapmırdım, lakin son transferlər bizim işimizi çox rahatlaşdırıb. Hazırda daha rahat müdafiə olunaraq daha cəld hücuma çıxa bilirik. Ribaund problemimiz müəyyən səviyyədə həllini tapıb. Bu gün 21 hücum ribaundu qazanmışıq, bu da önəmli məqamdır. Komandamı təbrik edirəm, "Neftçi" kimi rəqibə qarşı mükəmməl oyun sərgilədi. Yeni oyunçumuz Teyvion Kirk 22 xal, 8 ribaund, 5 assistlə çox gözəl təsir bağışladı. O və digər legionerlərimizlə görüləcək çox işlərimiz var və bundan da daha yaxşı olacağımıza inanırıq".

Qeyd edək ki, "Xırdalan" 12 xalla turnir cədvəlindən 5-ci sırada yer alıb. "Neftçi" isə 13 xalla dördüncüdür.

İdman.biz