“Bu gün son hazırlıqlarımızı görürük. Hədəfimiz Bakıya uğurlu nəticə ilə qayıtmaqdır”.
Bu sözləri Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev 2029-cu il Avropa çempionatının seçmə mərhələsində səfərdə Şimali Makedoniya ilə keçirəcəkləri ilk görüş barədə danışarkən deyib.
Təcrübəli oyunçu komandada itkilərin olmadığını bildirib: “Son məşqdə hər kəs iştirak etdi. Şimali Makedoniya qrupun favoriti sayılır. Bizdən daha təcrübəli komandadır. Heyətində yaxşı basketbolçular var. Lakin biz meydana qələbə üçün çıxacağıq. Bu görüşdə qalib gəlib növbəti matçlara yüksək əhvali-ruhiyyədə hazırlaşmaq istəyirik”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Hazırda “Neftçi” klubunun formasını geyinən basketbolçu qrupda digər rəqibləri olan Lüksemburq və İrlandiyanın özləri üçün uyğun komandalar olduğunu söyləyib: “Şimali Makedoniya ilə müqayisədə bu komandalardan xal almaq daha rahat olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk matçını noyabrın 27-də səfərdə Şimali Makedoniyaya, ikinci oyununu isə 3 gün sonra Bakıda Lüksemburqa qarşı keçirəcək.
