Azərbaycanın qadın basketbol millisi sona qədər mübarizə apararaq, nəticə qazanmaq üçün bütün gücünü ortaya qoyacaq.
İdman.Biz xəbər verir ki, bunu sözügedən yığmanın baş məşqçisi Evren Alkaya jurnalistlərə açıqlamasında deyib.
O, millinin “FIBA Women’s EuroBasket 2027” Avropa çempionatının seçmə mərhələsinə hazırlığı barədə danışıb:
“Qarşılaşmalara ciddi hazırlaşırıq. Turnirin ən gənc komandasıyıq və əksər oyunçularımız 18-19 yaşındadır. Qarşıda çətin matçlar var, hər üç rəqibimiz növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparır. Lakin biz də oyunlarımızı göstərib, meydanı ən yaxşı nəticə ilə tərk etməyi planlaşdırırıq. Rəqibləri təhlil etmişik və oyunda sona qədər mübarizə aparan, nəticə qazanmaq üçün əlimizdən gələni edən bir milli komandamız olacaq”.
Qeyd edək ki, yığma seçmə mərhələnin E qrupunda Bolqarıstan, Monteneqro və Ukrayna komandalarına qarşı mübarizə aparacaq. Komanda noyabrın 12-də Bolqarıstan, 15-də isə Monteneqro ilə qarşılaşacaq. Azərbaycan qrupdakı növbəti oyununu səfərdə Ukraynaya qarşı keçirəcək.
