“Şəki” Azərbaycan Basketbol Liqasının III turunda “Sabah”a qarşı oyunda fiziki cəhətdən hazır olmayıb.
İdman.Biz xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, matça yaxşı başladıqlarını söyləyib:
“Əslində matça yaxşı başladıq. Digər 2 oyunda da belə olmuşdu. Davamını gətirə bilmirik. Təəssüf ki, daha fiziki olaraq hazır deyilik. İlk hissədəki çıxışdan məmnunam. Amma 3-cü periodda yorulduğumuz üçün hesabda çox geridə qaldıq, rəqib ribaundları aldı. Səhvləri görüb daha da hazır olmağımız lazımdır. Növbəti turda ilk ev oyunumuzda ilk qələbəmizi qazanıb hər şeyə sıfırdan başlamaq istəyirik”.
B.Meriç türkiyəli basketbolçudan razı qaldığını da vurğulayıb:
“Dorukhan Kuzu “Abşeron Lions” və “Neftçi” ilə matçlarda sənədləşmə ilə bağlı problemlərə görə oynaya bilməmişdi. Bu gün debüt etdi. Bugünkü performansından razıyam”.
Mütəxəssis hər şeyin yoluna düşəcəyinə ümid edir:
“NTD də bizim kimi qələbəsi olmayan komandadır. Amma bizim üçün bu matçın üstünlüyü var. Biz Şəkidə öz azarkeşlərimiz önündə daha yaxşı oynayırıq. İnşallah, bu həftə öz meydanımızda ilk dəfə məşqə başladıqdan sonra hər şeyin yoluna düşəcəyinə ümid edirəm”.
Qeyd edək ki, A qrupunda baş tutan “Sabah” - “Şəki” görüşü Bakı klubunun 85:66 hesablı qələbəsi ilə başa çatıb.