Şahin Diniyev: “Futbolçular qaça bilmirdi”

Xəbərlər
12 Fevral 2024 17:57
519
Şahin Diniyev: “Futbolçular qaça bilmirdi”

"Kəpəz”lə oyunumuz gərgin alındı. Qış fasiləsindən sonra qələbə qazanmamışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz”lə səfər oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Oyunçularımızda psixoloji təzyiq var idi. Bu vəziyyətdən çıxmalı idik. İlk 45 dəqiqədə havaya görə oynamağa çətinlik çəkirdik. Futbolçular qaça bilmirdi. Əvəzetmələrimiz uğurlu alındı, öz bəhrəsini verdi. Bu, bizim üçün çox vacib qələbə idi".

Diniyev heyətlə bağlı problemləri də qabardıb: “Zədəlilərin olması və yeni gələnlərdən sonra sabit heyəti qura bilmirik. Yenilərin üçü də yaxşıdır. Amma zaman lazımdır. Qərara gəldim ki, bu futbolçular oyunu gücləndirə bilər. Əvəzetmələr də uğurlu oldu. Artıq turnir cədvəlinin orta sıralarında möhkəmlənmişik. Üçillik layihəmiz var. Hər il daha da irəli getməyi hədəfləmişik. Müqavilə mənim üçün heç bir önəm kəsb etmir. Mənim hədəfim yaxşı komanda qurmaqdır. Bu istəyimiz alınmasa, müqaviləm 5 il olsa da, çıxıb gedərəm”.

Mütəxəssis legioner limitinin dəyişməsi ilə bağlı müzakirələrə münasibət bildirib: “Klubların sayı artırılsa, razıyam. Bu gün Azərbaycan futbolunu düşünməliyik. Milli komanda necə olacaq? İndiki vəziyyətdə mövcud limitin qalmasının tərəfdarıyam”.

Qeyd edək ki, “Səbail” 4:1 hesablı əzmkar qələbə qazanıb.

İdman.biz

Məqalədə: