Dambrauskas: “Biz bir oyunçudan ibarət komanda deyilik”

Dambrauskas: “Biz bir oyunçudan ibarət komanda deyilik”

“O qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az baxtimiz gətirdi və qollar vurduq”.

İdman.Biz bildirir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının son turunda “Turan Tovuz”la oyundan sonra deyib.

Oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə bitib.

“Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Çünki düşüncə tərzi dəyişir. Tezliklə Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüşəcəyik.

İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf rəqibə qarşı hazırlaşacağıq. Əlbəttə ki, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq”, - məşqçi qeyd edib.

Dambrauskas mətbuatda yayılan Coy-Lens Mikelsin klubdan ayrılacağı xəbərinə də münasibət bildirib: “Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: “Heç bir oyunçu komandadan böyük deyil”. Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz “Sabah”ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu əvəz edən futbolçular var idi”.

“Sabah” 78 xal toplayaraq mövsümü çempion kimi başa vurub.

İdman.Biz