“Matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm”.
İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Premyer Liqasının sonuncu turunda “Şamaxı” ilə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Matç 3:1 hesabı ilə “Qəbələ”nin xeyrinə qurtarıb.
“Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. “Şamaxı”nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq, bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir”, o bildirib.
Baş məşqçi qarşıdan gələn pley-off oyunu barədə də danışıb:
“Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq.
Potensial rəqiblərin hamısının oyunlarını izləyirik. “Səbail” üç mərkəz müdafiəçisi ilə oynayır. “Mingəçevir”in taktiki sxemi bəzi matçlarda dəyişir.
Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük.
Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək”.
“Qəbələ” 27 xalla çempionatda 11-ci yeri tutub.
