Ayxan Abbasov: “Keçən ildən daha yaxşı olduq”

Ayxan Abbasov: “Keçən ildən daha yaxşı olduq”

“Ağır mövsüm oldu. Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi”.

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qəbələ” ilə oyundan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

Matç 3:1 hesabı ilə “Qəbələ”nin xeyrinə qurtarıb.

“Təhlil etsək, görərik ki, keçən ildən yaxşı olduq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idi. Bu mövsüm 12 komanda arasında mübarizə daha sərt oldu. Kubokda da irəlilədik. Gənc futbolçuların inkişafı, yaxşı legionerlərin uyğunlaşması baxımından komanda irəlilədi. Hədəfimiz bu idi. Rəhbərliyə, futbolçulara, məşqçilərə təşəkkür edirəm.

“Qəbələ”yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. İnşallah layiq olan qələbə qazanar. İnanıram ki, “Şamaxı” düzgün qərar verib bu işi davam etdirən bir məşqçi ilə razılaşar, bu ildən daha yaxşı olmağa çalışar”.

Qeyd edək ki, “Şamaxı” 38 xalla çempionatı 8-ci yerdə başa vurub. Ayxan Abbasov “Şamaxı” ilə yollarını ayırıb.

İdman.Biz