PFL II Liqasında çıxış edən “Ağstafa Gəncləri”nin baş məşqçisi Elşən Abadov birinci dövrənin ardından komandanın mövcud durumu ilə bağlı açıqlama verib.
İdman.Biz bildirir ki, Abadovun açıqlaması klubun sosial media hesabında yayımlanıb.
“Ağstafa Gəncləri” 8 xalla turnir cədvəlində onuncu yerdə qərarlaşıb.
Baş məşqçi deyib ki, turnir cədvəlinin son pillələrində qərarlaşan komanda üçün vəziyyət heç də ürəkaçan deyil və bunun əsas səbəbi təkcə meydandakı oyunla bağlı deyil.
Elşən Abadovun sözlərinə görə, klub hazırda ciddi maliyyə çətinlikləri ilə üz-üzədir. Komandanın dayanıqlı maliyyə mənbəyi yoxdur və rəhbərlik hazırda sponsor axtarışındadır. Bu isə həm hazırlıq prosesinə, həm də oyunçuların motivasiyasına birbaşa təsir göstərir.
“Qarşılaşdığımız komandaların futbolçularına ödənilən maaşlar bizim oyunçuların aldığı məbləğdən 3–5 dəfə çoxdur. Belə bir fərqin olduğu şəraitdə bərabər səviyyədə mübarizə aparmaq olduqca çətindir. Futbol artıq təkcə meydanda oynanan oyun deyil, eyni zamanda ciddi maliyyə resursları tələb edən bir sahədir.
Buna baxmayaraq, komanda təslim olmaq fikrində deyil. Məhdud imkanlara rəğmən, futbolçular hər oyuna maksimum motivasiya ilə çıxmağa çalışır, məşqçi heyəti isə mövcud heyətdən ən yaxşı nəticəni almaq üçün əlindən gələni edir. Bu mübarizə təkcə xal uğrunda deyil, həm də klubun gələcəyi naminə aparılır”, - baş məşqçi vurğulayıb.

