“İmişli”nin oyunçusu: “Abubakara qarşı oyun karyeramda ən gərgin anlardan biri idi”

Xəbərlər
26 Noyabr 2025 22:21
33
“İmişli”nin oyunçusu: “Abubakara qarşı oyun karyeramda ən gərgin anlardan biri idi”

“İmişli”nin futbolçusu Dieqo Rollo Futbolpress.az-a müsahibə verib.

İdman.Biz həmin müsahibəni təqdim edir:

– “Neftçi” səfərində sürprizə imza ataraq, qələbə qazandınız. Oyunu necə şərh edərdin?

– Hissləri sözlə ifadə etmək olmur. Həyatımda yaşadığım ən gözəl gecələrdən biri idi.

– Qələbə qolunu vurmağın ikiqat sevincli edər…

– Bəli, sözlər kifayət etməz. Tanrıya bu qolu və bu tarixi qələbəni mənə bəxş etdiyi üçün çox minnətdaram. Qol vuranda emosional oluram. Dərhal ailəm və qolla onlara yaşatdığım sevinc haqda düşünürəm.

– Mövsümün əvvəlində autsayder göstərilsəniz də, indi özünüzdən güclülərdən xallar alırsınız. Uğurun formulu nədir?

– Komanda işi. Meydanda kollektiv olaraq can qoyuruq, çox çalışırıq. Xarakterimiz var və bu nəticələrə, daha çoxuna layiqik.

– Premyer Liqada bütün komandalara qarşı oynamışınız. Müdafiəçi kimi sizi ən çox çətinə salan hücumçu kim olub?

– Məncə, Abubakara qarşı oyun karyeramda ən gərgin anlardan biri idi. O, mövqeyini çox yaxşı bilir, yüksək keyfiyyətli oyunçudur və belə istedadlı bir oyunçuya qarşı 90 dəqiqə ərzində oynamaq böyük diqqət tələb edir.

– Qarşıda “Sabah”a qarşı ardıcıl iki oyun var. Bu mövsüm onlara bir dəfə qalib gəlmişiniz, ardını gətirə biləcəksiniz?

– Keyfiyyətli komandamız var. Nəticələrimiz artıq sürpriz olmamalıdır. Hər oyuna qələbə üçün çıxırıq. “Sabah” keyfiyyətli komandadır. Buna baxmayaraq, hədəfimiz bu oyundan da xallar qazanmaqdır.

– Daha əvvəl Braziliya çempionatında oynamısız. Azərbaycan liqası ilə Braziliya liqasını necə müqayisə edərdiniz?

– Braziliya futbolunda driblinq və sürət daha çoxdur. Azərbaycanda isə daha çox fiziki oyuna üstünlük verir. Məncə, burda futbol daha planlı və intizamlıdır.

İdman.Biz