Azərbaycan II Liqasında çıxış edən “Sheki City” klubunun futolçusu Cavid İmamverdiyev sözügedən çempionatda 40 yaşına qədər oynamağa hazırdır.
Bunu Report-a açıqlamasında hücumçu özü deyib.
Hazırda 9 qolla yarışın bombardiri olan forvard komandasının aşağı dəstədə çıxışından danışıb:
“Hazırkı nəticələr tam ürəyimizcə deyil. Çünki biz çempionluğa oynayan komanda kimi iki əsas rəqibimizə - “Xankəndi” və “Qaradağ Lökbatan”a məğlub olduq. Ümid edirəm ki, qarşıdakı turlarda daha yaxşı nəticələr qazanaraq lider olacağıq. Çempionluğa oynamağa potensialımız var və məqsədimiz öncədən birinci yer uğrunda mübarizə olub. Yarış hələ təzə başlayıb, qarşıda çox matç olacaq. Xal itirmək istəmirik”.
O, bundan sonra 5 il də hazırkı formasında II Liqada çıxış edə biləcəyini istisna etməyib:
“Hansı komandada oynamağımdan asılı olmayaraq, ilk növbədə düşüncəm o olub ki, kollektivə xeyirli olum. Təbii ki, komanda yoldaşlarımın da köməyini daim hiss edirəm. Onlar yaxşı çıxış edirlər və məni topla təmin edirlər ki, mən də qollarımın sayını artıra bilirəm. II Liqada 40 yaşıma qədər də oynayaram. İndiki durumumla bu çempionatda xeyir verə bilirəm. İnşallah, I Liqaya yüksəlsək, təbii ki, öz üzərimdə işləməli olacağam. Bir üst çempionatda çəki daha az olmalı, fiziki durumun daha yaxşılaşmalıdır. Allah qismət edərsə, Premyer Liqaya qədər getmək istəyərəm”.
Qeyd edək ki, Cavid İmamverdiyevin 35 yaşı var. O, 11 dəfə Azərbaycan millisinin formasını geyinib. Karyerası ərzində “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah”, “Keşlə” (indiki “Şamaxı”), “Kəpəz”, “Kür-Araz”, “Quba”, Türkiyədə isə “Elazığspor” klublarında çıxış edib.
