İlk öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qələbə əldə etdilər.
İdman.biz bildirir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Benfika" ilə oyundan sonrakı mətbuat konfransında deyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Bu, elə bir oyun idi ki, biz məğlub da ola bilərdik. Üstünlük rəqibin tərəfində idi. Hissənin əvvəlində 2 topla geridə qaldıq. Futbolçularımızdakı inam, sınmamaq, oyundan çıxmamaq, vurduğumuz ilk qol qalibiyyət üçün bizə kömək oldu. Bu o demək deyil ki, "Benfika" bizdən zəif idi. "Benfika" həm topla davranmaq, həm taktiki baxımdan çox ağıllı bir kollektivdir. Mən dünən bildirmişdim ki, futbolçularım bu gün daha çox əziyyət çəkəcəklər, daha istəkli olacaqlar. Çox böyük bir qalibiyyət əldə elədik. Bu, bizim tariximizdə, Azərbaycan futbolunun tarixində Çempionlar Liqasında ilk qələbədir. Bütün azərbaycanlıları təbrik edirəm və "Benfika"ya qarşıdakı oyunlarda uğurlar arzulayıram", - Qurbanov bildirib.
İdman.biz