Qurban Qurbanov: "Molde" ilə oyun finala bərabərdir"

Xəbərlər
28 Noyabr 2023 19:26
345
Qurban Qurbanov: "Molde" ilə oyun finala bərabərdir"

"Molde" ilə oyun öncəsi Bakıda son məşqimizdir. Komandada hər şey normal və qaydasındadır".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Molde” ilə səfər oyununu dəyərləndirib. O bildirib ki, Norveçdə keçiriləcək matç finala bərabərdir: "İkinci oyunda rəqibi daha yaxşı tanıyırsan. Onların üstünlüyü öz meydanlarında oynamasıdır. Mobil və kompakt bir komandadır. Öz oyun sistemlərini çox intizamlı şəkildə icra edirlər. Futbolçularla birlikdə rəqibə baxmışıq, analiz etmişik. Ola bilər ki, oyunun gedişində dəyişiklik edək. Bu qarşılaşmada hücum xəttində və müdafiədə daha diqqətli olmalıyıq. Çünkü rəqib çox nadir hallarda meydanı qolsuz tərk edir. Norveçdəki oyun Bakıdakından daha gərgin və maraqlı keçəcək".

Qurbanovun sözlərinə görə, bütün oyunlarda məqsədləri qələbə qazanmaqdır: "Sadəcə rəqibin üstünlüyünü də daim nəzərə almaq lazımdır. Belə oyunlara hər birimiz final kimi çıxırıq. Çünki burda götürülən və ya itirilən hər bir xal qrupun taleyini həll edə bilər. Qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Oyunun gedişatında hansı dəyişiklər olacaq, onu indidən deyə bilmərik".

Qeyd edək ki, “Molde” – “Qarabağ” oyunu noyabrın 30-da Norveçdə baş tutacaq. Komandamız səfərə 1 gün öncə yollanacaq.

Emin Ağa
İdman.biz