Azər Bağırov: "Bir səhvinə görə onunla sağollaşmaq istəməzdik" - MÜSAHİBƏ

Müsahibə
25 Avqust 2023 23:43
Azər Bağırov: "Bir səhvinə görə onunla sağollaşmaq istəməzdik" - MÜSAHİBƏ

"İki fərqli hissə izlədik. Birinci hissədə daha çox müdafiə olunduq, boşluqlar verdik".

İdman.biz xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın IV turunun "Sumqayıt"la (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran çalışdırıcı deyib ki, verdiyi tapşırıqları ilk yarıda orta xətdəki oyunçular yerinə yetirmirdi: "Fasilədən sonra uşaqlar toparlandılar və necə lazımdı, necə tapşırılmışdısa, davam etdik. Çoxlu qol epizodlarımız oldu. Məncə, bu gün "Sumqayıt" bir xal qazandı".

- İkinci yarıda daha çox uzun ötürmələr edirdiniz. Sizin tapşırığınız idi?
- Rəqibi meydana yararaq tapşırılmış zonalara ötürmələr etməliydik. Orta xəttimiz çatdırmadığına, tapşırığı düzgün yerinə yetirmədiyinə görə dediklərimiz alınmırdı. İkinci yarıda cinahlardan, orta xətdən asmalarla rəqibi müdafiədə otuzdurduq. İkinci hissə tam fərqli oyun oynadıq. Hansı ki, onu birinci hissədə etməliydik.

- Razılaşırsız ki, çempionat başlayandan bu yana ən pis birinci hissəniz idi?
- Bəli, dörd turdakı ən pis 45 dəqiqəmiz oldu. Bizim kimi yeni yığılan komandada bir futbolçunun meydanda səhv gedişatı olanda boşluqlar görünür. Çünki rəqiblərimiz daha hazırlıqlıdır. Çempionat üçün yığılan ən gec komandayıq və çatışmayan cəhətlərimiz daha çoxdur.

- Hücumun mərkəzinə transferiniz olacaq?
- Transferimiz olacaq. İşlərimiz gedir. Ümumiyyətlə, transferlərdə səhv etmək istəmirik. Çempionatın gedişatında səhvlərimiz ola bilər. Bu da tələskənliyimizdən irəli gəlir. Bu gün hamını komandaya uyğunlaşdırmağa çalışırıq. Amma transferi düşünürük. Hücumameyilli oyunçu gətirməyi planlaşdırırıq. Vinger və ya "10 nömrə" də ola bilər.

- Semir Bukviçi yola salmaq fikriniz var?
- Xeyr. Bir səhvinə görə qapıçı ilə sağollaşmaq istəməzdik. Bosniya və Herseqovina çempionatda çıxış edib, yetərincə normal qapıçıdır. Demirəm top qapıçılardandır. Amma normaldır. Doğrudur, "Turan Tovuz"la görüşdə səhvlərlə yadda qaldı, onun günü deyildi. Amma bu gün burdadırsa, ona inanırıq.

Ağa Dadaşzadə