Azərbaycanın millisinin sabiq futbolçusu Vaqif Cavadovun İdman.biz saytına müsahibəsi
- AVRO-2024-də Belçikaya 0:5 hesabı ilə uduzdu. Böyükhesablı məğlubiyyəti gözləyirdizmi?
- İsveçlə oyunda çox yaxşı nəticə qazandıq. Belçika səfərinin çətin olacağını hamı bilirdi. Bu, normal haldır. Onlar çox güclü komandadırlar. Həm də evdə mübarizə aparırdılar. Bakıdakı oyunu orda da göstərəcəyimizi düşünürdüm. Əfsuslar olsun ki, bu, baş vermədi. Aldığımız qırmızı vərəqə oyunun taleyini həll etdi.
- Yəni Eddi İsrafilovun meydandan kənarlaşdırılmasaydı...
- Futbolçu heç bir zaman istəməz ki, qırmızı vərəqə alsın. Amma onu da dərk etməlidir ki, əgər sənin sarı vərəqən varsa, diqqətli olmalısan. Güclü rəqiblə komandanı 10 nəfərlə qoyub, belçikalıların üstünlüyü bir qədər də artırırsan.
- Komandanın baş məşqçisi Canni de Byazinin yığma ilə müqaviləsi başa çatır. Sizcə, o, işinə davam etməlidir?
- İtaliyalı mütəxəssisin işinə AFFA qiymət verməlidir. Şəxsən mən düşünürəm ki, onunla bizdə alınmır. Bunu dəfələrlə demişəm.
- De Byazinin Belçika ilə oyundan sonra mətbuat konfransında jurnalistlərin ünvanına xoşagəlməz sözlər deyib, otağı tərk etməsinə münasibətiniz necədir?
- Əgər bir insan 4 ildir yerli mətbuatla münasibəti, dostluq əlaqələrini yarada bilmirsə, onun məşqçi kimi peşəkar davranışında problemləri var. Buna mən düzgün yanaşmıram. Bu, baş məşqçinin etik davranışı və peşəsi ilə bağlı sual yaradır. Onun əvəzinə tez bir zamanda AFFA-nın baş katibi Sərxan Hacıyev öz böyüklüyünü, səviyyəsini göstərərək jurnalistlərdən üzr istədi. Bu isə o deməkdir ki, həmin münasibət sırf Canni de Byazinin jurnalistlərə olan yanaşmasıdır.
- Bəs italiyalı yola salınarsa, onu yenə əcnəbi, yoxsa yerli mütəxəssis əvəzləməlidir?
- Məncə, milliyə əcnəbi məşqçi gəlməlidir. Azərbaycanlı mütəxəssislər hamısı iş başındadır. Təbii ki, istəyim yerlilərin olmasıdır. Amma onlar hamısı klublardadırsa, o zaman xarici mütəxəssis gəlməlidir. Amma gələcək məşqçinin də nüfuzu olmalıdır. Öz sözünü deməyi bacarmalıdır.
- AVRO-2024-ün seçmə mərhələsində Qazaxıstan Sloveniyaya qalib gələrsə, Azərbaycanın Millətlər Liqasının pley-offunda oynamaq hüququ qazanacaq. Həmin halda isə Avropa çempionatına yenidən vəsiqə şansımız yarana bilər. Buna nə dərəcədə inanırsız?
- İlk növbədə, Qazaxıstana uğurlar arzulayıram. Bu da futbolun bir möcüzəsi olar. Həm onlar AVRO-2024-ə vəsiqə qazanar, həm də biz pley-offda oynamaq şansı əldə edərik. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq belə bir hal yaransa, Azərbaycan bu oyuna maksimum hazır olacaq.
Emin Ağa
İdman.biz